Tibb idarəmiz virusla mübarizə üçün milyon yarım manata anbar kirayə eləyir, nədənsə o anbar deputatlardan birinin uşağına aid çıxır. Bunu araşdırıb korrupsiya olduğunu sübut etməyə ehtiyac varmı? Hələ yoxdur. Vaxtı çatmayıbdır. Bəy demişkən, hər şeyin zamana ehtiyacı var. Necə ki, dünənəcən hökm kəsənlər, ittiham irəli sürənlər bu gün özləri məhkəmədə aman diləyir. Korrupsiyadan yazanları qınayan media ağsaqqalının kafe-restoranları yağmalanır – zərəri ödəməsi üçün.
İndiliksə biz media işçilərini əsas narahat eləyən başqa bir deputatın liftə tənha girməsi problemidir. Deyir, bu nəsə kəskin çıxış qırıldatmış, hökumətin qəzəb oxlarına tuş gəlmişdir, o vaxtdan deputat həmkarları bunu nə toya çağırır, nə birgə liftə minirlər. Dəhşətdir. Əsas parlamentarizm problemimizə baxın. Yəqin növbəti illərdə hansı qanun istehsalçımızın kiçik ehtiyacını liftdə ödədiyi ictimai diskussiyaya çıxarılacaqdır.
Ancaq hiyləgər qəzetçilərimiz əlacı çox tez tapıblar. Hər gün bir deputatın zərərdidə deputatımızla liftə minmədiyini yazırlar, bu da çıxır təkzib eləyir: “Yox, o deyil, başqasıdır”. Nəticədə uzağı 120 neçəsə təkzib alıb həqiqətə çatarıq. Şair məhz bu məqamda demişdir: “Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz, Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz”.
Söz Füzulidən düşmüşkən, dünən bir din xadiminin açıqlamasını oxudum, deyir, Məhərrəm ayında kim toy eləsə cəhənnəmə düşəcəkdir. Hətta bunu isbat eləmək üçün Füzulidən beyt çəkir, orada şair həqiqətən bəyan edib ki, məhərrəmlikdə sevinmək pisdir. Olsun. Şəxsən mənim bu problemə münasibətdə hər hansı rəyim yoxdur. Yəni kim cəhənnəmlikdir, kim cənnətlikdir, onu müəyyən edə bilmərəm. Yuxarıda yazdığım kimi, hər şeyin zamana ehtiyacı var. Dünən fərman verən bu gün qan qusur. Bu gün peyvənd olunan, sabah deltaya tuş gəlir. Hələ təzəsi çıxıb, lyambda adında. Bu, peyvəndlərlə ümumiyyətlə lambada oynayır, heç birisini tacına almır.
Bəlkə də “çətini ölənəcəndir, ondan sonra hər şey yağ kimi gedir”. O cümlədən hazırkı məhərrəmlik koronavirusun şiddətlənmə dövrünə düşməklə sanki xalqımıza bir nicat pəncərəsi rolunu oynayır, çün, hökumətin dediyinə görə, virus ən çox toylarda yayılır. Bir növ, “İmam Hüseyn indi də xalqımızı xilas eləməklə məşğuldur” söyləmək olar.
Sadəcə, din xadimlərinin özlərinə sərf edəndə şairdən misal gətirməsi məni açmır. Bunu deyirsən, onu da de. Füzulinin mey, badə, meyxanə kimi nemətlərə, yerlərə dəvətlə bağlı saysız beytləri var, bəs onu neyləyək? Məsələn: “Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut! Tutma zühhadın müxalif pəndini, peymanə tut!”. Deyir kefini pozunca kafeyə get, mey içib kef elə, zahidin nəsihətini tutunca əldə rumka tut. Hələ bu məşhur beyti heç yazmıram: “Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma, Namaz əhlinə uyma, onlar ilə durma, oturma!” Rəhmətliyin bunu 500 il qabaq yazmağına bəzən adamın inanmağı gəlmir. İndi yazsa İrandan fətva verib Rafiq Tağı kimi qaranlıq tində yortardılar, çıxıb gedərdi. Bəlkə Azdramanın qabağında heykəli də qoyulmazdı.
Hətta deyərdim ki, ulu şairimizin kafir beytləri dindar beytlərindən çox çıxar. Saymaq lazımdır. Lift işini çözək, sayarıq.