Bir zamanlar Azərbaycanın canlı və çiçəklənən Ağdam şəhəri “Lonely Planet” jurnalı tərəfindən “Qafqazın Hirosiması” adlandırılıb. Elə həmin vaxt Ağdam adının yanına “kabus şəhər” ifadəsi də həkk olundu.

Erməni işğalından əvvəl şəhərdə ağır, yüngül və qida sənayesi, kənd təsərrüfatı yaxşı inkişaf etmişdi, həmçinin zavodlar, kombinatlar, dəmiryol stansiyası, hava limanı, dram teatrı və musiqi məktəbi fəaliyyət göstərirdi. Bu gün demək olar ki, hər yer xarabalığa çevrilib.

Lakin 44 günlük Vətən müharibəsindən sonra işğal olunmuş torpaqların qaytarılması ilə Ağdam yenidən canlanmağa başladı.

“Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”, – deyə Prezident İlham Əliyev 28 May 2021-ci il Respublika Günündə Ağdam səfəri zamanı bildirib.

Azad edilmiş ərazilərin tikintisi və bərpasının tempi əsasən minalardan təmizlənmə sürətindən asılıdır. Mina və mərmilərin təhlükəsi barədə yerə basdırılmış lövhələr xəbərdarlıq edir. Artıq təmizlənmiş ərazilərdə sürətlə tikinti işləri gedir. Hazırda Bərdə və Ağdam şəhərləri də daxil olmaqla regionun 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək dörd zolaqlı Bərdə-Ağdam yolunun tikintisi yüksək templə həyata keçirilir. “Həyat Yolu” Qarabağ torpağına yeni nəfəs verəcək və regionda iqtisadiyyatın tezliklə bərpasının təməlini qoyacaq.

Tarixi irs və azad edilmiş ərazilərin potensialı nəzərə alınaraq, burada dörd regional mərkəzin yaradılması planlaşdırılır. Ağdamda sənaye, Cəbrayılda logistika və ticarət, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə mədənçilik və turizm mərkəzləri yaradılacaq.

Gələcək istehsal sahələri üçün bölgədə lazımi infrastrukturun yaradılması məqsədi ilə 28 may tarixində dövlət başçısı Ağdam Sənaye Parkının təməlini qoydu. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən yaradılan bu park Azərbaycan ərazisində beşinci Sənaye Parkı olacaq. Digər sənaye parkları barədə öncəki – 16 iyul tarixli məqalədən tanış olmaq olar.

Sənaye klasteri üçün ayrılan sahə işğaldan əvvəl də sənaye istehsalı üçün istifadə edilib. Park Ağdam ətrafında 190 hektar ərazidə tikiləcək və Ağdam şəhərinə çəkilməsi planlaşdırılan əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində yerləşəcək.

Hazırkı mərhələdə Ağdam Sənaye Parkının baş planı üzərində iş aparılır, ərazinin özündə isə minatəmizləmə prosesi sürətlə gedir. Ağdam rayonunun mina sahələrinin xəritələrinin əldə olunması istehkamçıların işini asanlaşdırır, lakin ərazinin mina və mərmilərdən dərin və hərtərəfli təmizlənməsini tələb edən minatəmizləmə prosesinin özünü sadələşdirmir.

Parkın inkişafı mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə Agentlik inzibati binaların və parkın işçiləri ilə rezidentləri üçün yaşayış yerlərinin salınacağı 76 hektar ərazinin mənimsənilməsinə başlamağı planlaşdırır. Parkın hərtərəfli fəaliyyətinin təmin edilməsi naminə işçilərin burada yaşaması üçün şərait yaradılacaq.

Minaların təmizlənməsindən sonra, parkın 76 hektarlıq ərazisində ilk tikinti işlərinin 2022-ci ildə başlaması planlaşdırılır ki, bu da Ağdam Parkında ilk rezidentlərin görünməsinin uzaqda olmadığını göstərir.

Ağdam Sənaye Parkının yaradılması Azərbaycanda artıq fəaliyyət göstərən dörd parkın uğurlu təcrübəsi və beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək.

Burada rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunacaq. Aşağı icarə haqqının olması, 10 il müddətinə gəlir və əmlak vergisindən, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiya idxalına görə müvafiq olaraq 10 və yeddi il müddətində ƏDV və idxal rüsumlarından azad edilmə sənaye parklarının rezidentləri üçün əlavə stimul olacaq.

Sənayeləşmə prosesi mərhələli şəkildə həyata keçiriləcək. İlkin tapşırıq Ağdam şəhərinin və ona bitişik qəsəbələrin abadlaşdırılması olduğundan, təbii olaraq, ilk mərhələdə tikinti materialları istehsal edən şirkətlər parkın rezidentləri olacaq. Bundan əlavə, tikinti materiallarının ticarətinin təşkili üçün 5 hektar sahə ayrılacaq. Üstəlik, tikinti materiallarının satışı üçün yerlər ilk növbədə, park ərazisində öz istehsalını təşkil edən şirkətlərə veriləcək.

İkinci istiqamət – qida və emal sənayesidir. İnsanların azad edilmiş ərazilərə qayıtmasıyla burada kənd təsərrüfatı məhsullarının emalı üçün imkanlar yaradılacaq. Sovet dövründə üzümçülük, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, pambıqçılıq və kənd təsərrüfatının digər sahələri uğurla inkişaf edirdi, xammal bazası mövcudluğu halında isə şərabçılığı inkişaf etdirmək, meyvə-tərəvəz konservləşdirilməsi və emal sənayesinin digər sahələri üzrə istehsalı yoluna qoymaq asanlıqla mümkün olacaq. Kənd təsərrüfatı və qida sənayesinin inkişafı ilə yanaşı, parkda məhsulların saxlanması və qablaşdırılması üçün sahələr ayrılacaq. Beləliklə, bitkilərin becərilməsi, onların emalı və hazır məhsulun əldə olunması da daxil olmaqla, “sahədən piştaxtaya” prinsipi üzrə tam istehsal dövrü təmin ediləcək. Bu, nəqliyyat xərclərini azaltmağa və əldə olunan məhsulun rentabelliyini artırmağa imkan verəcək. Parkın ərazisində yük maşınlarının parklanması üçün də sahə ayrılacaq.

Müəssisələrin sənaye parklarında yerləşdirilməsi istehsal növündən asılı olaraq və bütün tikinti norma və qaydaları nəzərə alınmaqla həyata keçirilir, ekoloji cəhətdən təmiz zona elan edilmiş Qarabağ regionunda isə ətraf mühit məsələləri birinci növbədə dayanacaq. Yaşayış ərazilərinə bilavasitə yaxın məntəqələrdə yüngül və qida sənayesi müəssisələri yerləşəcək. Yaşayış məntəqəsindən 500 metr məsafədə tikinti materialları istehsalı müəssisələri, 1000 metr məsafədə isə ağır sənaye müəssisələri yerləşəcək.

Agentlik artıq Azərbaycanın iş adamlarından Ağdam sənaye parkında istehsal təşkil etmək arzusunu ifadə edən müraciətlərini qəbul etməyə başlayıb. Parkın rezidentləri olmaq istəyənlərin əksəriyyəti tikinti materialları istehsal edən şirkətlərdir. Onlar beton zavodu yaratmaq, mülki tikinti sahəsində gələcək istifadə üçün metal konstruksiyaların istehsalını, yığımını və ya mebel istehsalını təşkil etmək niyyətlərini ifadə ediblər.

Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə işçi qrupunun məlumatına əsasən, bu günə qədər Ağdam Sənaye Parkı üçün artıq 12 potensial rezident seçilib.

Məlumata görə, azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar avqustun əvvəlinə 676 müraciət daxil olub. İnvestisiya layihələrinin prioriteti təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və məlumat bazasına daxil edilir. Həmçinin iş adamlarının razılaşdırılmış cədvəl və marşrut üzrə azad edilmiş ərazilərə səfəri planlaşdırılır.

Sənaye parkları – dövlətlə özəl sektor əməkdaşlığının uğurlu modelidir. Ağdam Sənaye Parkının infrastrukturuna qoyulmuş dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq və özəl investisiyalar üçün zəmin yaradacaq.

Demək olar ki, bütün rəsmi görüşlərdə xarici ölkələrdən olan investorlar işğaldan azad edilmiş torpaqların bərpası proseslərinə, “Ağıllı Şəhər”, “Ağıllı Kənd” və “Yaşıl Enerji” layihələrinin həyata keçirilməsində iştiraka dəvət olunurlar.

O cümlədən, Türkiyə, İsrail, Çin, İtaliya və digər ölkələrdən olan investorlar uğurlu şəkildə nəqliyyat yollarının kəsişməsində yerləşən Ağdam sənaye parkının rezidentləri olmağa dəvət olunur.

Park birgə müəssisələr və biznes layihələri üçün ideal məkandır.