İranın Huzistan əyalətində iki həftə əvvəl su kəsintilərinə qarşı başlayan etirazlar davam edir. Paytaxt Tehranda da daxil olmaqla digər şəhərlərdə Huzistan əhalisinə dəstək aksiyaları keçirilir.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, İran adminstrasiyası aksiyaları dayandırmaq üçün İraq və Suriyadan 4 min Haşdi Şabi milisini gizlicə aksiyaların başladığı bölgəyə gətirib. İddialara görə, məsələ ilə bağlı Bağdadda İran səfirinin, Haşdi Şabi milis qrupununun liderininvə Hizbullah nümayəndələrinin iştirakı ilə Huzistandakı vəziyyətə dair gizli toplantı keçirilib. Toplantı 4 saat davam edib. İclasda İran İslam Keşikçiləri Korpusunun komandanı general İsmail Kaanin mesajı səsləndirilib. General küçə toqquşmalarında fəal və uğurlu iştirak edən milislərdən ibarət qüvvələr formalaşdırılmasını tələb edib. Plana görə, milislər ABŞ-ın hava hücumlarından qorunmaq və diqqət çəkməmək üçün silahsız və mülki geyimdə 4 qrup şəklində İrana daxil olub.
İraqın rəsmi mənbələri mediada yayılan iddiaları təsdiq edib. İranın beynəlxalq münasibətlər üzrə mütəxəssisi Rıza Talibi bu silahlıların İraqda olduğu kimi İranda da aksiyaların qarşısını almaq üçün qətliamlar törədə biləcəyindən narahatdır. Bu qüvvələr “qətliam briqadası” kimi də çağırılır.

Qeyd edək ki, İranda davam edən etiraz aksiyaları zamanı 10 nəfər ölüb. 350 nəfər saxlanılıb.