2021-ci ilin yanvar-iyun aylarında əhali kommersiya banklarından 82,574 mln. nağd avro alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,9% azdır.
Təkcə iyun ayında əhali 18,642 mln. avro alıb ki, bu da may ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. Bundan başqa, cari ilin ilk altı ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 31,619 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 29,2% azdır.
Təkcə iyun ayında bu göstərici 6,225 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 6,8% çoxdur.
Əhalinin avroya üstünlük verməsi dolların dəyərdən düşməsi, yoxsa avroya olan tələbatdan irəli gəlir?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, dünyada avro dollar qarşısında dəyərdən düşdükcə, bizdə avro manat qarşısında bir qədər ucuzlaşdı:
“Əvvəllər 2 manat 10 qəpiyədək bahalaşmışdı, indi 2 manat 3 qəpik civarında satış var. Əhalinin bir hissəsi də bundan istifadə etdi. Bundan başqa, Azərbaycandan da Avropada təhsil alan gənclər var və yeni təhsil mövsümünə hazırlıq gedir. Gənclərin bəziləri Bakıdadırlar. Tətilə gəliblər və sentyabrda öz universitetlərinə qayıdacaqlar.
Universitetlərin ödənişi, insanların, tələbələrin xərcləri avro ilədir. Ona görə də imkan düşən kimi tələbələrin valideynləri, özləri avronun bir az da manat qarşısında ucuzlaşmasından istifadə edərək daha çox avro almağa üstünlük verirlər. Yəqin ki, bu tendensiya avqust ayında da davam edəcək. Avqust-sentyabr aylarında da avroya olan tələbatın artımının şahidi ola bilərik”.
Avronun yenidən bahalaşmasına gəldikdə, ekspert deyir ki, bu dünya bazarından asılıdır:
“Bizdə məzənnə inzibati tənzimlənir. Manat dollar nisbəti sabit, 1,70 səviyyəsində saxlanılır. Dolların digər valyutalara, o cümlədən avroya olan dəyişiklikləri manat avro məzənnəsində öz əksini tapır. Yəni çarpaz məzənnə sistemi ilə hesablanır.
Hələlik dünya bazarında dollar daha güclü görünür. Dollar avro qarşısında ilin əvvəlində 1,21-1,22 səviyyəsində idi. İndi 1,17-1,18 səviyyəsinə qədər, təqribən 4-5 sent möhkəmlənib. Bu kifayət qədər ciddi nəticədir. Hələlik tendensiya dolların xeyirinədir, dolların möhkəmlənməsi və bir neçə həftədir indeksinin artmasının şahidi oluruq”.