Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina başağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əsas məqsədi dünyanın ən savadlı həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape”in son on il ərzində dünyada başağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdədir.

Xatırladaq ki, Məsud Aşina 1965-ci il dekabrın 29-da Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru vəzifələrini icra edir.

Soydaşımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ildə “YAŞAT” Fondunun Himayəçilik Şurasına üzv təyin edilib.