Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatındadır. Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

09:52

Ötən ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri Fərhad Mollazadə və idarənin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XİN isə bu iş üzrə zərərçəkmiş tərəf kimi tanınıb. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Safura Əlizadə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır.

Fərhad Mollazadə isə Azərbaycan Demokratik Partiyasının sədri, deputat Asim Mollazadənin əmisi oğludur.