15-20 il öncə bir rus satiriki yazmışdı ki, qəsəbəmizdə cinsi azlıqlar çoxluq təşkil edir. Yazar zarafat eləmişdi, oxumuş adamlar demişkən, tendensiyaya dair anonsda bulunmuşdu. O vaxtlar cinsi azlıqlar bu sayda və gücdə deyildilər, həm də xeyli təvazökar idilər, orda-burda çox görünməzdilər, çalışardılar gizli həyat sürsünlər.
Öz cinsi təmayüllərini gizlədənlər də çox idi. Yadınızda olar, bir dəfə bir əməkdar artistin öz oğlan dostuyla intim videosu çıxmışdı, adam brifinq keçirdi, and-aman elədi, özünü lezvaladı ki, videodakı özü deyil, oxşarıdır. İnananlar da oldu, çox adam isə hələ də onu cinsi azlıqlardan sayır. Üstünə getmirlər, adını hallandırmırlar, amma barəsində söz düşəndə deyirlər: “Alə, o da petux şeydir dəə”.
10-15 il əvvəl beləydi, cinsi azlıqlara mənsub olmaq ayıb sayılırdı. Bu, həmin “incə sənət”in xəcalətli mərhələsiydi. Cinsi azlıq olmaqdan qürur duymaq mərhələsi sonra başlandı və uğurla davam edir.
Hətta indi bəşəriyyət bu sahədə yeni bir mərhələyə qədəm qoymaqdadır. Bu da “cinsi azlıqların cinsi çoxluğu sıxışdırma, susdurma” mərhələsidir.
Diqqət edin, cinsi azlıqlar haqqında bir az aşağılayıcı danışanlar, onlara ikrahla yanaşdığını bildirənlər, eləcə də bu mövzuda zarafat edənlər (illərdir ölkəmizdə cinsi azlıqlara satirik-yumoristik səpkidə sataşmalar camaata çox gülməli görünür) artıq bir az qorxurlar. Əsasən ondan qorxurlar ki, indinin cinsi azlıqları aqressivdirlər, adamın üzünə cırmaq atar, lezva çəkərlər. Hətta deyilənə görə, çoxu çantasında bıçaq gəzdirir.
Bir də müasir homofoblar damğa qazanmaqdan qorxurlar. Çünki homofobluq edəndə kimsə mütləq onlara nidalı sual ünvanlayır: “Siz homofobsunuz?!”
Bu, təxminən “siz faşistsiniz?!” sualı kimi bir şeydir və hər oğul sinəsinə döyüb “bəli, mən homofobam” demir. Adamlar qorxurlar ki, açıq şəkildə “homofob” olduqlarını desələr, adları qara siyahıya düşər, vaxt gələr, hansısa Avropa ölkəsindən Şengen vizası istəyəndə adama deyərlər, sənə viza düşmür, alçaq homofob, dəyərlərimizə qarşı çıxırsan, sənin Avropada yerin yoxdur.
Şəxsən mən özüm homofob deyiləm. Dəfələrlə olub ki, söhbət etdiyim audensiyada (xüsusilə də beynəlxalq konfranslarda) bütün jestləri və görünüşü ilə cinsi azlıqların təmsilçisi olduğu bariz görünən şəxslə söhbət etmişik, nə ikrahla üz çevirmişəm, nə də hər hansı başqa bir söz-həkət olmayıb. Amma açığını deyim ki, bığlı-saqqallı yekə bir kişinin gənc lisey qızları kimi nazlanması, fikri ilə razılaşmayan həmsöhbətinə qarşı alınqanlıq etməsi qəribə görünürdü. Eləcə də qadın görünüşlü birinin xırıltılı kişi səsi ilə danışması, siqaret çəkməsi, söyüş dolu ifadələr işlətməsi…
Yalnız bir dəfə bir qrup jurnalist Amsterdamda olanda kanalda qayıq turuna çıxdığımız zaman əl-ələ tutmuş, plastik addımlarla yeriyən, qulaqları sırğalı iki holland gəncə “heç olmasa biriniz kişi kimi yeriyin” demək istədik, sonra vaz keçdik, dedik, homofobluğa yozular, polisə düşər, cərimələnərik. Hərçənd holland dilini də bilmirdik.
Amma LGBT-nin simvollarının, eləcə də 3-cü cinsə mənsubluğun təbliğ, piar olunması yolverilməzdir. Bəzən deyirlər, Allah onları bu cür yaradıb. Xeyr. Təbiət insanları lazımi instrumental təchizat baxımından iki cinsdə yaradıb. Üçüncü cins sapıntıdır, müstəsna haldır. Sadəcə, cinsi azlıqlara mənsub insanların çoxu sonradan aldıqları tərbiyə, uyduqları təbliğat nəticəsində düz və təbii yoldan sapır, 3-cü qapıya meyllənirlər. LGBT-nin açıq təbliği olmasa, onların sayı bu qədər artmaz və bir yerdə məhdudlaşar.
İndi kimsə deyəcək ki, artsınlar də, nə olacaq. Onda öz hesablarına artsınlar. Arta bilirlərmi? Bilməzlər. Çünki qısır cinsdir. Mütləq heteroseksuallara möhtacdırlar. Bəşəriyyətin gələcəyi cinsi azlıqların ümidinə qalsa, insan nəsli tükənər.
Uzun sözün kəsəsi, qoy hər kəs öz seksual orientasiyasını təbliğ etmədən, öz dostlar dairəsində, öz bildiyi kimi yaşasın. Heç kəs bayrağını gözə soxmasın, sırasını genişləndirməyə çalışmasın. Nə var, LGBT partiya-zaddır, hakimiyyətə gəlmək istəyir?
(Bu yerdə müəllif Avropada boy göstərən gey nazirləri, merləri, lesbiyan məmurları yadına salır, söhbəti yarımçıq saxlayır. Yeri yoxdur – həm söhbətin, həm də köşəyə ayrılan sütunda).