Tarixin ən sirli partlayışlarından biri olan Tunguska hadisəsi haqqında bilinməyənlər …
30 iyun 1908-ci il səhəri qeydə alınan tarixdəki ən böyük asteroid zərbəsi Sibirin ucqar bir bölgəsində meydana gəlib. Partlayış Sibirdəki Podkamennaya Tunquska çayının yaxınlığında, indiki Krasnoyarsk diyarı olan, az yaşanan Şərqi Sibir tayqası ətrafında baş verib. Partlayış nəticəsində 2,150 km² meşəlik ərazidə təxminən 80 milyon ağac məhv olub.
Partlayış 30 iyun saat 7.45 radələrində Tunquska çayı yaxınlığında baş verib. Partlayışı görən şahidlər, günəş kimi parlaq mavi bir atəş topunun səmada hərəkət etdiyini, sonra da böyük bir alov aldığını və güclü bir partlayış eşitdiklərini söyləyiblər. Səsdən başqa yüzlərlə kilometr aralıdakı pəncərələri qıran və insanları qorxuya salan güclü bir şok dalğası da var idi. Göydəki bu partlayış əvvəllər görünməmiş bir şey idi.
Tunquska partlaması, Xirosimaya atılan atom bombasından 1000 qat daha güclü idi …
Partlayış 10-15 meqatonluq dinamit kütləsinin partlayışına bərabər idi və Xirosimaya atılan atom bombasından 1000 qat daha güclü idi. Partlayışın səbəbinin səthdən 5-10 kilometr yüksəklikdəki bir kometa parçasının və ya asteroidin partlaması olduğu da düşünülür. Asteroid Dünyaya dəyməsə də, atmosfer partlayışı hələ də ərazidəki meşəyə böyük ziyan vurmaq üçün yetərli idi. Son tədqiqatlar göstərir ki, obyekt çox güman ki, yerdən təxminən 24 km hündürlüyündə dağılmış beş mərtəbəli bir bina böyüklüyündə bir daş asteroiddir.
Partlayış həmin ərazidəki ekologiyaya böyük ziyan vurdu. O dövrdə Sibirin bu ucqar hissəsinə getmək çətin idi. Rus alimi Leonid Kulik 1927-ci ildə partlayış zonasında ilk tədqiqat aparıb. Əvvəlcə əraziyə ilk səfərini etdi, yerli şahidlərlə görüşdü və ağacların məhv olduğu ərazini araşdırdı. Burada bir tədqiqat qrupuna rəhbərlik etdi. Ancaq heç bir meteorit parçası və bir meteorit krateri tapa bilmədi.
Bunun ardından partlayışın UFO və ya qara dəlikdən qaynaqlandığı barədə qeyri-adi nəzəriyyələr ortaya çıxdı.
Bu hadisə 2019-cu ildə yenidən araşdırıldı …
NASA-nın Silikon Vadisindəki Ames Tədqiqat Mərkəzində və NASA Planet Müdafiə Koordinasiya Ofisinin sponsorluğu ilə 2019-cu ildə keçirilən bir seminardan ilham alan yeni tədqiqat, Icarus jurnalının xüsusi buraxılışında Tunquska hadisəsi ilə bağlı bir sıra məqalələr dərc edildi. Seminarın mövzusu, 1908-ci ildə meteorit hadisəsinin astronomik vəziyyətini yenidən araşdırmaq idi. 15 fevral 2013-cü il tarixində Rusiyanın Çelyabinsk yaxınlığında atmosferdə meydana gələn daha kiçik, lakin hələ də təsir edici bir meteor partlayışı sayəsində Tunquskada baş verənlərə dair bəzi həyati ipucları ortaya çıxdı.
Mövzu ilə əlaqədar NASA-nın açıqlaması:
“Tunquska sirrinin həllinə kömək edəcək yeni dəlillər gəlmişdi. Sənədləşdirilmiş atəş topu tədqiqatçılara görünən, eşidilən və hiss olunanları təsvir etmək üçün müasir kompüter modelləşdirmə üsullarını tətbiq etmək imkanı yaratdı. Çelyabinsk obyektinin orijinal ölçüsünü, hərəkətini və sürətini yenidən qurmaq üçün atəş topunun video müşahidələri və yerin zədələnmə xəritələri ilə modellər istifadə edilib. Yaranan təfsir Çelyabinskin böyük ehtimalla yerdən 24 km hündürlüyündə beş mərtəbəli bir binanın böyüklüyündə bir asteroid olmasıdır. Bu, 550 kilotonluq partlayışa bərabər bir şok dalğası yaradır. Partlayışın şok dalğası təxminən bir milyon pəncərəni uçurdu və mindən çox insanı yaraladı. Xoşbəxtlikdən partlayışın gücü ağacları və ya tikililəri yıxmaq üçün yetərli deyildi. “Asteroid populyasiyasının mövcud anlayışına görə, Çelyabinsk meteoru kimi bir cisimin orta hesabla hər 10 ilə 100 il ərzində Yerə təsir göstərməsi şansı var”.
2013-cü ildə Rusiyanın Çelyabinsk şəhərinin üstündə Tunquska hadisəsinə bənzər bir meteorit hadisəsi meydana gəldi …
2013 Rusiya meteor hadisəsi olaraq bilinən partlayış, 15 fevral 2013-cü il tarixində, yerli vaxtla səhər 09:20 radələrində Rusiya üzərində parlaq bir meteorun görünməsi ilə başladı. Saatda 60.000 kilometr sürətlə hərəkət edən obyekt Cənubi Ural bölgəsini keçdikdən sonra parlaq bir atəş topuna çevrildi və Çelyabinsk vilayətinin səmalarında yerdən 15-25 kilometr yüksəklikdə partladı. Partlayışın yaratdığı şok dalğası pəncərələri uçurdu və təxminən 1500 nəfər yaralandı.
Turan Oruc
Medianews.az