Ukrayna əhaliyə xidmətlərin göstərilməsi üzrə işin yaxşılaşdırılması üçün Azərbaycanın təcrübəsini mənimsəməkdə maraqlıdır.

Bunu ukraynalı millət vəkili Larisa Bilozir “Report”un Şərqi Avropa Bürosuna verdiyi müsahibəsində deyib.

“Hazırda İnzibati Xidmətlər Mərkəzi ilə işləyirik. Bu sahədə Azərbaycandan öyrənəcəyimiz çox şey var. Sizdə hər şeyin bir mərkəzdə necə baş verdiyini gördük yəni orada təkcə inzibati deyil, həm də sosial xidmətlər göstərilir. Hətta polislə əlaqəli olan xidmətlər – sürücülük vəsiqələrinin, pasportların verilməsi – orada həyata keçirilir. Kommunal xidmətlər üçün belə orada əvvəlcədən ödəniş etmək olar. Hər şey bir yerdə baş verir və ayrı-ayrı strukturlara getmək məcburiyyətində qalmırsan. Bizim də inzibati xidmətlər mərkəzlərimiz var. Ancaq bununla bağlı kiçik bir problem var – nazirliklər səlahiyyətlərinin bir hissəsini bölüşmək istəmirlər, çünki bu, puldan, daxilolmalardan, xüsusi fondlardan imtina etmək deməkdir”, – ukraynalı deputat deyib.

“Bizdən çox irəliyə getmisiniz. Biz də bunu Ukraynada tətbiq etməyə və xidmətlərin bir yerdə – xidmət mərkəzlərində göstərilməsinə çox çalışırıq”, – L.Bilozir əlavə edib.

Millət vəkili qeyd edib ki, Ukrayna bu sahədə Azərbaycanın təcrübəsini mənimsəyir: “Siz də bu çox yaxşı təşkil olunub. Azərbaycana getmək və bunun necə işlədiyini görmək istərdim… Düşünürəm ki, gələn il mütləq fürsət tapacağam və altkomitə üzvləri ilə birlikdə hər şeyi öz gözlərimizlə görəcəyik”.