Adolf Hitler çıxışlarında tez-tez “Mən Almaniya ilə evliyəm!” deyirdi. Həqiqətən də, həmişə özəl həyatını gizli saxlayırdı. Çox adam Hitlerin bəzi romantik münasibətlər qurduğunu bilmir və bunlardan biri yalnız 36 saat davam edən bir evliliklə sona çatıb. Çünki Hitlerin Eva Braunla evliliyi ölümündən sonra üzə çıxdı. Eva Braun kim idi, nə qədər Nasist dəhşətini bilirdi? Alman siyasətində təsirli idimi?
Medianews.az Eva Braun haqqında bilinməyən maraqlı faktları təqdim edir.
6 fevral 1912-ci ildə Almaniyanın Münhen şəhərində anadan olan Eva Braun, Adolf Hitlerin sevgilisi və arvadı kimi tanınır. Braun təvazökar bir orta sinif ailəsindən idi. Atası Fridrix Braun müəllim, anası Franziska Kronberger dərzi idi. Evanın İlse adlı böyük və Margarete adlı kiçik bacısı var idi. Orta məktəbdən sonra bir il ticarət məktəbində oxuyub. Atletika ilə də yaxından maraqlanırdı. Məktəbdən sonra bir mağazada satıcı kimi işə düzəldi, lakin sonradan fotoqraflıqla maraqlandı.
Eva Braun, Hitlerlə 17 yaşında olarkən tanış olub. Görüşəndə Hitler ondan düz 23 yaş böyük idi. O zaman Eva Hitlerin şəxsi fotoqrafı Henrix Hoffmanın köməkçisi idi. Hoffman ilə işləyərkən peşəkar foto çəkməyi də öyrəndi. İkili arasındakı yaxınlıq qısa müddətdə romantik bir əlaqəyə çevrilib. Evanın Hoffmanla çalışması, həmişə Hitlerin yanında olmasını təmin edirdi.
Hitler və Eva arasındakı münasibət olduqca qəribə bir şəkildə başladı və faciəli bir sonla bitdi. Eva ilə ilk tanış olduqlarında Hitler Münihdə ögey qardaşı qızı Geli Raubal ilə birlikdə yaşayırdı. Geli 19 yaşında ikən ögey əmisi Hitlerlə romantik bir əlaqəyə başlamıışdı. Hitler Nasist partiyasının lideri olaraq hakimiyyətə gəldikdən sonra Geli Raubala daha çox hakim olmağa başlamışdı. Onun məktəbə getməsinə və dostları ilə görüşməsinə icazə vermədi və hər zaman onu müşayiət etməsini istədi.
Tarixçilərə görə, Geli sürücüsü Emil Morislə yaxınlıq etməyə başladıqda Hitlerlə davamlı mübahisə etməyə başladılar. Mübahisəyə daha çox dözə bilməyən Geli 19 sentyabr 1931-ci ildə özünü silahla vuraraq intihar etdi. Ancaq mediada fiziki istismar, cinsi əlaqə və qətl mövzularına toxunan şayiələr yayılmağa başladı. Gelinin ölümündən sonra Hitler depressiyaya düşdü və uzun müddət özünə gələ bilmədi. Rəsmi xəbərlərdə hadisənin intihar olduğu bildirilsə də, səlahiyyətlilər Hitlerin Gelini vurduğundan əmin idi. Geli sadəcə güllədən ölmədi. Gelinin bədənində müxtəlif yara izləri də var idi.
Hitler Eva ilə ictimaiyyət arasında görünmək istəmədi. Eva ilə Hitlerin münasibətlərini yalnız bir neçə nəfər bilirdi. Eva Hitlerdən daha çox diqqət və sevgi istədi. Ancaq Hitler özünü Alman siyasətinə həsr etdi. Bəlkə də heç vaxt Eva üçün Geli üçün hiss etdiklərini hiss etməmişdi. Hitler bunu açıq şəkildə ifadə etdiyi kimi, bütün diqqətini ölkəsinə həsr etmək istəyirdi. Eyni zamanda Hitler Alman qadınları arasında çox məşhur idi. Bu populyarlığı siyasi mənfəət üçün istifadə etmək istəyirdi. Bu səbəbdən evlənməyin və ya bir münasibətin Alman qadınları arasında populyarlığını azaldacağını düşünürdü. Nəticədə Eva və Hitler heç vaxt ictimaiyyət qarşısına çıxmadılar. İkisinin ictimaiyyət arasında çəkilən yeganə vaxtı 1936-cı il Qış Olimpiya Oyunlarında, Eva Hitlerin yanında oturarkən idi. Digər fotolarının hamısı şəxsi iqamətgahında çəkilib.
Eva, Hitlerin diqqətini özünə yönəldə bilmədi. O, diqqət çəkmək üçün 1932 və 1935-ci illərdə iki dəfə intihara cəhd etdi. İlk intihar cəhdində atasının tapançası ilə özünü sinəsindən vurdu. Bu hadisədən sonra qısa müddətə də olsa Hitlerin diqqətini çəkməyi bacardı. Eva ikinci intihar cəhdində yuxu dərmanlarının dozasını artırmışdı. Bu intiharın səbəbi yenə də Hitlerin ona vaxt ayırmaması idi. Hitler sevgilisi ilə münasibətlərini səliqəyə salmaq üçün ona bir neçə əmlak almışdı. Nəticə etibarilə, Eva o vaxtdan bəri çox lüks bir həyat tərzinə sahibdir.
Evanın bacısı Greti də Hitlerin onlara qarşı səxavətindən çox faydalandı.
Eva, Alman siyasətində nəzərə çarpan bir rol oynamadı. Heç vaxt nasist siyasi partiyanın üzvü olmamışdı. Ancaq Nasisr dəhşətinin passiv seyrçisi də deyildi. Hitler həmişə vacib siyasi məsələlər müzakirə olunarkən Evanın otaqdan çıxmamasını israr etdi. Xüsusilə onu siyasətdən uzaqlaşdırdı. Ancaq Eva onsuz da Hitlerin siyasəti ilə maraqlanmırdı. Daha çox moda, kino və idmanla maraqlanırdı. Ancaq həmişə Hitlerin tərəfində olduğu üçün nasist ideologiyasına tamamilə əmin idi. Hətta çəkdiyi fotoşəkilləri ilə nasist təbliğatının bir hissəsi olduğunu iddia etmək mümkündür. Müharibədən sonrakı dövrdə mühakimə olunan bir çox nasist üzvü, Evanın siyasətdə heç bir rolu olmadığını söyləyib. Lakin tarixçilər onun Holokostdan xəbərdar olduğunu və bir çox şeyə susduğunu iddia edirlər.
1945-ci ilin aprelinə qədər II Dünya Müharibəsi bitmək üzrə idi. Almaniyanın müharibəni uduzduğu və Sovet ordusunun yaxın olduğu açıq idi. Hitler israr etsə də, müharibə qurtaranda Eva onu tərk etmədi. Münihdən Berlinə sevgilisi ilə birlikdə olmaq üçün getdi. Hitler Evanın ona olan sədaqətindən o qədər təsirləndi ki, işğalçı qüvvələr yaxınlaşdıqca Eva ilə evlənməyə qərar verdi. 29 Aprel 1945-ci il axşamı kiçik və sivil bir mərasimlə evləndilər. Evanın adı Eva Hitler olaraq dəyişdirildi. Hitler toydan sonra səhər özü və həyat yoldaşı üçün kiçik bir səhər yeməyi hazırladı.
30 aprel 1945-ci ildə Hitler və Eva işçiləri və yaxın ətrafı ilə vidalaşdılar. Bu vaxt Sovet İttifaqının Berlinə girməsi sürətlə davam edirdi. Eva və Hitler Berlində yeraltı bunkerə yola düşdülər. Bunkerə çatdıqda, Hitler tapança ilə özünü sağ məbəddə vurdu. Eva isə siyanür kapsulu içərək intihar etdi. Hitlerin və Evanın cəsədlərini yaxın çevrəsi tapıb. Cəsədlər daha sonra Hitlerin vəsiyyətində olduğu kimi yandırılaraq Reyx Baş İdarəsinin arxa tərəfinə aparılıb. Daha sonra Sovet qüvvələri Eva və Hitlerin cəsədinin yanmış qalıqlarını tapmışdılar.
Sovet qüvvələri cəsədlərin qalıqlarını Şərqi Almaniyadakı SMERSH kompleksində gizli şəkildə basdırdılar. 4 aprel 1970-ci ildə Sovet DTK qrupu ətraflı dəfn cədvəlləri ilə məzarın qalıqlarını qazdı. Daha sonra Hitler və Evanın cəsədlərinə aid sümüklər yenidən yandırıldı və küllər Biederitz çayına atıldı.
Eva intihar edəndə 33 yaşında idi. Eva Braunun ağlı başında olması bu gün ciddi şəkildə şübhə altındadır. Bəzi tarixçilər, Evanın bir sevgi qadını olduğunu, bəziləri isə zehni xəstəliklərdən əziyyət çəkən bir qadın olduğunu düşünürlər.
Eva Braun ailəsi II Dünya Müharibəsindən xilas olmağı bacardı. Atası Fredrix 1964-cü ilin əvvəlində vəfat edib. Anası 96 yaşına qədər Bavyerada köhnə bir kənd evində yaşayıb. Bacısı 5 May 1945-ci ildə Eva adını verdiyi bir qızı dünyaya gətirdi. Daha sonra Kurt Beringhoff adlı bir iş adamı ilə evləndi və 1987-ci ildə də öldü.
Turan Oruc
Medianews.az