İkisi jurnalist, biri də dövlət görəvlisi olan 3 vətəndaşımız Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda çəkiliş apararkən minaya düşərək, həlak oldular. Mina partlayışının işlək bir yolda baş verməsi, belə bir ehtimal yaradır ki, mina həmin yola yenicə basdırılıbmış. Bu ehtimalı son zamanlar işğaldan azad olmuş ərazilərimizdə erməni diversiya-terror qruplarının görünməsi və ordumuz tərəfindən erməni terrorçulardan bəzilərinin ələ keçirilməsi də qüvvətləndirir.

Ordumuz tərəfindən həbs olunan erməni diversant-terrorçular ilə bağlı Ermənistanda yaranmış vəziyyəti elə erməni mənbələrindən izləməkdəyik. Onların ailə üzvləri və yaxınları aylardır ki, Ermənistan hakimiyyətini həbsdə olan erməni terrorçuları azad edə bilməməkdə suçlayır. Və bu, hazırda Paşinyana qarşı ən ciddi təzyiq mövzusuna çevrilib.

Kəlbəcərdə partlayan mina kimlərin maraqlarını “partlatdı” – Rəsmi Bakının reaksiyası həlledici ola bilər

Ermənistanda yaxınlaşan növbədənkənar parlament seçkiləri bu ölkənin müqəddəratı baxımından, böyük önəm daşıya bilər. Seçkilərin nəticəsində Nikol Paşinyanın hakimiyyətdə qalması, yaxud Rusiyanın sadiq adamı olan Robert Köçaryanın onu əvəzləməsi regionda müəyyən dəyişikliklərə də səbəb ola bilər.

N.Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə, hətta savaşda biabırçı məğlubiyyətin qınağı üzərində olmasına baxmayaraq, Rusiyanın ənənəvi və dəyişməz for-postu olan Ermənistanı Kremlin təsir dairəsindən çıxarmaq, region dövlətləri ilə normal qonşuluq münasibətləri qurmaq şansı qazana biləcəyi qətiyyən istisna deyil. Bu, Ermənistana yeni inkişaf perspektivləri vəd edən yeganə doğru yol sayılır.

Ancaq Qarabağ klanının N.Paşinyan qarşısında siyasi revanşı baş tutarsa və R.Koçaryan hakimiyyəti yenidən ələ keçirərsə, Ermənistanın Rusiya üçün bölgədə quberniya statuslu forpost rolunu davam etdirəcəyi şübhə doğurmur. Belə bir sual da yaranır ki, Azərbaycanın azad edilmiş ərazilərində minanın partlaması və ikisi jurnalist olan 3 vətəndaşımızın həlak olması indiki vəziyyətdə Ermənistana, eləcə də onun hakimiyyətinə nə qazandırır?

Kəlbəcərdə partlayan mina kimlərin maraqlarını “partlatdı” – Rəsmi Bakının reaksiyası həlledici ola bilər

Aydın məsələdir ki, bu hadisə, əslində, Azərbaycanın həbs etdiyi erməni diversant-terrorçuların azad olunması üçün vasitəçilik edən bəzi ölkələrin və ya qurumların işini daha da ağırlaşdırır, hətta demək olar, dalana dirəyir. Çünki rəsmi Bakı və qəzəblənmiş Azərbaycan cəmiyyəti belə bir vəziyyətdə hansısa humanistliyə və terrorçuların azad olunmasına qətiyyən razılıq verməz.

Paşinyan hakimiyyəti üçün isə diversant-terrorçuların azad edilməsi siyasi-ictimai maraqlar baxımından, böyük önəm daşıyır. Çünki buna nail olunarsa, Paşinyan hakimiyyəti biabırçı savaş məğlubiyyəti ilə yerlə-bir olan ictimai reytinqini nisbətən bərpa edə, ölkədaxili narazılığı qismən zəiflədə bilərdi. Ancaq Azərbaycan jurnalistlərinin həlak olması ilə nəticələnən mina partlayışı bu ehtimalın üzərindən birdəfəlik xətt çəkmiş oldu.

Ona görə də hesab etmək olar ki, Kəlbəcərdə partlayan həmin mina və buna bənzər diversiya-terror aktları hazırda Paşinyan hakimiyyətinin əsas siyasi rəqiblərinin maraqlarına daha çox cavab verir. Bu hadisənin nəticələri və rəsmi Bakının verəcəyi reaksiya Paşinyan hakimiyyətinə qarşı ölkədaxili narazılığı daha da artıra biləcək faktordur.

Bu baxımdan, bu terror aktı Paşinyan hakimiyyətinin əsas rəqibi, Rusiyanın dəstəklədiyi ehtimal olunan Koçaryan düşərgəsinin işinə yarayır. Ona görə də Rusiya sülhməramlı qüvvələrinin bu hadisəyə müşahidəçi qalması da müəyyən mənada, şübhələr doğurur.

Kəlbəcərdə partlayan mina kimlərin maraqlarını “partlatdı” – Rəsmi Bakının reaksiyası həlledici ola bilər

Üstəlik, Rusiya siyasi dairələrinin də hər hansı səviyyədə reaksiyadan yayınaraq, terror aktına münasibət bildirməyə həvəs göstərməməsi də müəmmalıdır. Bu sıraya Rusiya prezidenti Vladimir Putinin seçkiyə az bir zaman qaldığı bir vəziyyətdə birdən-birə R.Köçəryanla telefon əlaqəsi yaratmasını da əlavə etmək olar.

Belə anlaşılır ki, Rusiya dəstəklədiyi R.Köçəryanın seçki qələbəsini təmin etmək üçün hərəkətə keçib. Ancaq rəsmi Bakının verəcəyi reaksiyanın bütün hesabları poza biləcəyi də qətiyyən nəzərdən qaçırılmamalıdır.

Ancaq Kəlbəcərdə partlayan minanın kimlərin maraqlarını “partlatdığını” müəyyən etmək üçün Ermənistandakı seçkilərin nəticələrini gözləmək lazım gələcək.

Ələsgər Süleyman
“Yeni Müsavat” Media Qrupunun baş direktoru

Kəlbəcərdə partlayan mina kimlərin maraqlarını “partlatdı” – Rəsmi Bakının reaksiyası həlledici ola bilər