Azərbaycanda tətbiq edilən sərt karantin qaydalarında zaman-zaman müəyyən qədər yumşaldılmalara gedilsə də, uzun müddətdir diqqətdən kənar qalan bir sahə var.

Bu, qapalı məkanlarda fəaliyyət göstərən idman zallarıdır. Uzun müddətdir bağlı qalan salonlar, idmançıların yarışlara hazırlaşmasına və müəyyən məşqlər etməsinə olduqca böyük maneə yaradır.

Bununla bağlı BAKU.WS-ə müsahibə verən kapoeyra üzrə 5 qat respublika çempionu və məşqçi Oxçu Şahmuradov mövcud vəziyyətin idmançılara sadəcə fiziki deyil, maddi və psixoloji zərbələr də vurduğunu bildirib:

“Biz idmançılar daim məşq etməyə vərdiş etmişik. Hazırda məndə aritmiya (nizamsız ürək döyüntüsü) xəstəliyi yaranıb.

Çünki hər gün 4-6 saat məşq edən idmançılar birdən-birə passiv həyata keçdik və sağlamlığımızda problemlər yarandı.

Normal həyat rejimimiz pozulub. Hətta bu psixoloji olaraq da insana təsir edir. Adam özünü lazımsız biri hiss edir. Bu, bizə maddi cəhətdən də böyük ziyan vurur. Özümüz məşq etsək də, məşqçi kimi də fəaliyyət göstəririk.

Gələcək üçün idmançılar yetişdiririk ki, onlar da vaxt gələndə bizi əvəz edə bilsinlər. Bu da bizim əlavə gəlir yerimizdir.

Çünki qeyri-olimpiya növlərini maliyyələşdirən xüsusi qurum olmadığından biz məşqlər keçib öz məvacibimizi ondan gələn gəlirlə təmin etməyə çalışırıq.

Çünki peşəkar idmançıya düzgün qidalanmaq, vaxtında həkim nəzarətindən keçmək, bəzi vitaminləri qəbul etmək lazımdır.

Bunlar hamısı böyük xərc tələb edir. Bu problemlər də sonra idmançıların psixologiyasının pozulmasına səbəb olur”.

Məsələ ilə bağlı BAKU.WS-ə danışan deputat Naqif Həmzəyev isə qapalı idman zallarının açılmasının, yoluxma sayında kəskin azalma müşahidə ediləcəyi təqdirdə reallaşacağını bildirib:

“Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də birbaşa insanların sağlamlığı ilə bağlı olan qapalı məkanlardakı idman zallarıdır.

Artıq 1 ilə yaxındır idman tədbirləri, demək olar ki, keçirilmir. Yalnız futbol, güləş kimi yarışlar keçirilir ki, bu da müəyyən qaydalar çərçivəsində reallaşır.

Yarışlar təşkil edilsə də, tribunalarda azarkeşlər olmadan həyata keçirilir. Biz parlamentdə millət vəkilləri olaraq dəfələrlə qapalı məkanlardakı idman salonlarının açılması ilə bağlı məsələ qaldırmışıq. İyunun 1-nə qədər republikada ümumi karantin rejimidir.

Bu müddət bitdikdən sonra qapalı idman zallarının fəaliyyətinin bərpa olunması ilə də bağlı müzakirələr aparıla bilər. Lakin bu yenə də yoluxma sayı ilə bağlıdır”.