Ötən ilin avqust ayında gecə saat 05 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində həyat yoldaşı Şəhanə Məmmədovanı amansızlıqla öldürməyə cəhd edən 1976-cı il təvəllüdlü Baba Məmmədov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsilə təqsirləndirilən B.Məmmədovun hadisə vaxtı arvadına 22 bıçaq zərbəsi endirməsi məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, B.Məmmədov 4 azyaşlı uşaq anası olan həyat yoldaşı Şəhanəni qısqanclıq zəminində öldürməyə çalışıb.

Belə ki, mal-qara saxlayan və dolanışığı heyvandarlıqdan çıxan Baba həftənin 2-3 günü Qobustan rayonunun Ərəbqədim kəndi ərazisindəki fermada, digər günləri isə ailəsi ilə Pirəkəşkül qəsəbəsində olub. 2019-cu ildə onun 4-cü övladı – Hüseyn dünyaya gəlib. Lakin ailə başçısı oğlunun ona oxşamadığını düşünüb və ailədə söz-söhbətlər yaranmağa başlayıb.

Həyat yoldaşının ona xəyanət etdiyini düşünən kişi şübhələrini sübut edə bilməyib. O, xanımının telefonunu alıb özündə saxlayıb və daha sonra telefonu sındıraraq atıb. Lakin ürəyində şübhələr qalan Baba Məmmədov Şəhanəni incitməyə, onu döyməyə davam edib.

Nəhayət keçən il avqustun 15-nə keçən gecə o, həyat yoldaşını öldürmək qərarına gəlib və qadını yerə yıxaraq ayağını kürəyinə dirəyib. Bu vəziyyətdə qadının kürəyinə 10 bıçaq zərbəsi endirən kişi daha sonra onu sürüyərək həyətə çıxarıb. Yuxudan oyanan azyaşlı övladının yalvarışlarına baxmayaraq burada qadına daha 12 bıçaq zərbəsi endirən şəxs onun öldüyünü düşünrək uzaqlaşıb. Qan içində qalan qadın qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Məhkəmə B.Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.