Amerikalı milyarder Bill Qeyts evli ikən dəfələrlə “Microsoft”da və xeyriyyə fondunda çalışan qadınların rəğbətini qazanmağa çalışıb.

Medianews.az “bizim.media”ya istinadən xəbər verir ki, bu haqda məlumatı “New York Times” nəşri yayıb.

Mənbələr bildirir ki, Qeyts 2006-cı ildə bir işçisinin təqdimatına qatılıb, ardından yeməyə dəvət etmək üçün qadına bir e-poçt göndərib:

“Sizə konfortlu deyilsə, özünüzü elə göstərin ki, heç bir şey olmayıb”.

Deyilənə görə, qadın bu tövsiyəyə əməl edib. Nəşr başqa bir hadisəni təsvir edir. Belə ki, Qeyts Nyu-Yorka səfəri zamanı xeyriyyə fondunun işçisinə maraq göstərib. Qadın xatırlayır ki, kokteyl məclisində Qeyts aşağı səslə ona deyib: “Səni görmək istəyirəm. Mənimlə nahar edərsən?”. Adı açıqlanmayan qadın cavab verməmək üçün sadəcə gülümsəyib. “Microsoft” və xeyriyyə fondunun altı (indiki və keçmiş) işçisi deyib ki, Qeyts onlar üçün narahat bir iş mühiti yaradırmış.

Nəşr iddia edir ki, Qeyts həm işdə, həm də çöldə qadınlara maraq göstərmək üçün “bacarıqsız” cəhdləri ilə məşhur olub.Bəzi işçilərə görə, Qeyts davranışında onları təhdid etməyib, təzyiq göstərməyib və ultimatum verməyib.

Xatırladaq ki, Bill və Melinda Qeyts nikahı pozmaq qərarlarını elan ediblər. 27 ildə üç gözəl övlad böyütdüklərini və dünyada fəaliyyət göstərən bir xeyriyyə fondu yaratdıqlarını bildiriblər.

Cütlük Melinda 1987-ci ildə “Microsoft”a qoşulduqda tanış olub. 1994-cü ildə Havayda evləniblər. Qeyts ən zəngin iş adamlarından biridir, ailəsinin sərvəti 130 milyard dollar civarında qiymətləndirilir.