“Ulu öndər Heydər Əliyevin apardığı siyasət bu gün öz bəhrəsini verir”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ulu öndərin ən böyük uğuru ondan ibarət oldu ki, İlham Əliyev kimi şəxsiyyəti yetişdirdi:

“Çünki bu məsələləri ancaq o həll edə bilərdi və belə də oldu. Mən də özümü xoşbəxt sayıram ki, Heydər Əliyevin dövründə də fəaliyyət göstərmişəm. Bu gün də sözsüz ki, apardığımız uğurlu işlərin nəticəsidir ki, Qarabağ torpağı azad olunub. İnsanlar xoşbəxtdir. Bəlkə də Azərbaycan xalqı üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. Tarixlər həmişə sərkərdələri yadda saxlayır. Azərbaycanda da sözsüz ki, Heydər Əliyev kimi şəxsiyyət, İlham Əliyev kimi onun davamçısı tarixdə qalacaq. Biz də o tarixi yaşatmaq üçün əlimizdən gələn işləri görməyə çalışacağıq”.

“Özümü xoşbəxt sayıram ki, 30 il görə bilmədiyimiz yerlərə getdik, ən yüksək zirvələrə qalxdıq”, – deyə prezidentin köməkçisi əlavə edib.

O qeyd edib ki, sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir:

“Onlar üçün şərait yaradılıb. Bəzi nöqsanlar mövcud idi. Onları da qeyd etdik. Hesab edirəm ki, çatışmazlıqlar tezliklə aradan qaldırılacaq”.

M.Əliyev vurğulayıb ki, Azərbaycan xalqının bəlkə də ən böyük bəlasından biri erməni kimi təcavüzkar düşmənin olmasıdır:

“Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar. Bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan dövləti möhkəm əllərdədir. Bu gün dövlətimiz qüvvətli və güclüdür. Ən əsası odur ki, dövlət başçımız İlham Əliyevin bu məsələlərdə ən yüksək və keyfiyyətli işlərinin şahidi olmuşuq”.