Bir müddət öncə pozuntulara görə vəzifəli şəxslərinin əksəriyyəti sərəncama götürülən Suraxanı Rayon Polis İdarəsində (RPİ) kadr təyinatı həyata keçirilib.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Füzuli Əhmədov işdən çıxarılıb.

Digər əmrlə F.Əhmədov Suraxanı RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Bu postu isə daha əvvəl Famil Vəliyev tuturdu. O, ötən ilin sentyabrında təyin edildiyi bu vəzifədə 6 ay xidmət apara bildi. Bu ilin mart ayında isə vəzifəsindən çıxarılaraq Nizami RPİ-yə göndərildi.

Qeyd edək ki, bir neçə ay öncə Suraxanı Rayon Polis İdarəsində aparılan kompleks yoxlamadan sonra bir neçə yüksək rütbəli şəxs nöqsanlara görə işdən uzaqlaşdırılmışdı.