İngiltərə hökuməti “Mançester Siti” və “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçı öncəsi Türkiyəni koronavirus pandemiyası baxımından yüksək riskli ölkələr siyahısına daxil edib.

“Haber Global”ın “Telegraf” nəşrinə istinadən yaydığı məlumatına görə, bu dəyişiklik Türkiyədən qayıdan şəxslərin 10 gün karantində saxlanlmasını şərtləndirib. Məhz bu şərti əsas tutaraq, yerli hökumət UEFA ilə final matçının İngiltərədə keçirilməsilə bağlı danışıqlara başlayıb.

Xatırladaq ki, dünən “Sky Sports” İngiltərənin “Aston Villa” klubunun UEFA-ya müraciəti barədə xəbər yayıb. Klubun müraciətində təklif olunub ki, Çempionlar Liqasının builki finalı əvvəlcədən planlaşdırıldığı kimi İstanbulda deyil, İngiltərənin “Villa Park” stadionunda keçirilsin.

Klub öz təklifini koronavirus pandemiyası səbəbindən ölkələrarası səyahətlərdən yayınmağın vacibliyi, eləcə də turnirin həlledici oyununda məhz iki ingilis klubunun iştirakı ilə əsaslandırıb.

Qeyd edək ki, 2020/21-ci illər mövsümü Avropanın ən nüfuzlu klub yarışmasının final qarşılaşması mayın 29-da İstanbuldakı “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək.