ABŞ prezidenti Co Bayden Amerika ermənilərinə seçki kampaniyası zamanı verdiyi vədi tutdu. Bununla da öz ölkəsinin tarixinə bu qəbildən ilk prezident kimi düşdü. Əvəzində isə 300 milyonluq Türk toplumunun, xüsusən də “Bir millət – iki dövlət”in – Türkiyə və Azərbaycanın qəzəbini qazandı, Türk irqinin gözündə erməni faşizminin əsas havadarı kimi özünü təsdiqləmiş oldu.

Zatən Bayenin ermənipərəst biri olduğu “Azadlığı Müdafiə Aktı”na bədnam “907-ci düzəliş”in müəlliflərindən biri kimi yadımızda idi. İndi yenidən köhnə ampluasına qayıtmış oldu. Bu dəfə ABŞ prezidenti qismində…

Türk milləti yüzdə yüz onun bu pisliyini unutmayacaq. Ağ Ev rəhbəri bununla üstəlik, Türkiyə və Azərbaycan kimi regionun açar dövlətləri ilə ABŞ-ın münasibətlərinə ciddi zərbə vurmuş oldu. Bir azdan həmin zərbənin təsirini Co Baydenə səs verən amerikalılar da hiss edəcək, görəcək.

Türkiyəyə “kəllə” atan peşman olacaq – başağrısı ən çox ABŞ-a qalacaq

Biz ABŞ yetkililərinin başqalarına ağıl öyrətməyə, demokratiya dərsi keçməyə çalışmasını çox görmüşdük. İndi həm də tarix öyrətməyə girişiblər. Amma əbəs yerə. Türkiyə baş diplomatı Mövlud Çavuşoğlunun təbirincə desək, bu, Co Bayden tərəfdən populist bir addım, tarixi təzədən yazmaq cəhdidir. Tarixi isə şəxslər dəyişə bilməz – lap ABŞ prezidenti olsa da. Tarix demiş, Türkiyə XİN-in bəyanatında vurğulandığı kimi, ABŞ yaxşı olar, öncə öz rüsvayçı genosid tarixinə, keçmişinə, özünə baxsın…

Baydenin qərarı, şəksiz, hər şeydən öncə siyasi qərardır. Çünki erməni maraqlarından deyil, sırf ABŞ-ın siyasi, geosiyasi maraqlarından, onun dünya jandarmı rolunda qalmaq iddiasından, lap dəqiqi, qardaş ölkəni, onun lideri Rəcəb Tayyib Ərdoğanı cəzalandırmaq məramından qaynaqlanır. Yəni indiyədək ABŞ liderləri hansı səbəbdən bu ifadəni işlətməkdən çəkinmişdilərsə, Bayden də elə eyni səbəbdən onu işlətdi – Türkiyəni öz orbitində saxlamaq hədəfi.

Türkiyəyə “kəllə” atan peşman olacaq – başağrısı ən çox ABŞ-a qalacaq

Amma qardaş məmləkət artıq çoxdan heç kimin yox, öz orbitindədir. Artıq o, “cib dövləti”, sözə baxan “ikinci sort dövlət”-zad da deyil. Ağ Evdəkilər, Konqresdəkilər gözlərini nəhayət, açsalar yaxşı olar. NATO-da hərbi gücünə görə ABŞ-dan sonra ikinci olan Türkiyə hazırda regional, hətta qlobal gücdür. Onunla bu cür zarafatlar keçməz. Ona kobud şəkildə kəllə atan kim olur-olsun, ciddi əks təsiri mütləq görəcək və bu cür kəllə atmağın başağrısı da ən çox ABŞ-a qalacaq…

Türkiyəyə “kəllə” atan peşman olacaq – başağrısı ən çox ABŞ-a qalacaq

Bəziləri iddia edir ki, Baydenin bədnam kəlməni işlətməklə Türkiyədə Ərdoğana qarşı olan qərbyönlü, ABŞ-yönlü müxalifətin əlini gücləndirəcək və ölkədə AKP iqtidarın qarşı narazılıq artacaq. Yəni guya Baydenin məlum ifadəsi Ankaranın uğursuz xarici siyasətindən qaynaqlanır.

Düşünmürük. Ona görə ki, saxta soyqırımı məsələsi qardaş ölkədə iqtidar-müxalifət çəkişməsinin mövzusu deyil, milli məsələdir. Bütövlükdə türk toplumu üçün az qala, namus, qürur məsələsidir. Bunu nəzərə almayan müxalifət özü haqda siyasi intihar qərarlı çıxarmış olar. Yeri gəlmişkən, dünən Türkiyənin ana müxalifətinin lideri, CHP başqanı Kamal Kılıcdaroğlu Baydeni “soyqırım” sözü işlətməkdən çəkinməyə çağırmışdı.

Erməni tərəfinin izafi ümidlərlə yaşamasına da əsas yoxdur. Əks halda, bir il öncə Konqresin hər iki palatasında saxta iddianı təsdiqləyən qətnamələrin qəbulunun onlara hansısa faydası dəyərdi. Heç bir faydası olmadı və Türkiyə öz yoluna daha inamla davam elədi.

O sırada qardaş dövlət Azərbaycana Dağlıq Qarabağ məsələsində dəstəyini əsirgəmədi və yekunda Cənubi Qafqazda da Rusiyanın belə hesablaşdığı söz sahibinə çevrildi. Türkiyə-Azərbaycan müttəfiqliyi, hərbi-strateji müttəfiqlik daha da dərinləşdi. İki dövlət bir az daha “ət-dırnaq” kimi oldu.

Türkiyəyə “kəllə” atan peşman olacaq – başağrısı ən çox ABŞ-a qalacaq

Sözsüz ki, Baydenin ermənilərə reveransından sonra bu qardaşlıq daha da möhkəmlənəcək və konkret olaraq, Güney Qafqazda ABŞ-ın da ciddiyə almalı olacağı vazkeçilməz faktora çevriləcək. Daha doğrusu, artıq çevrilib…

Türkiyənin ağrı-acısı əlbəttə ki, bizim ağrımızdır. Necə ki, qardaş ölkə daima Azərbaycanın sevincinin öz sevinci, kədərini öz kədəri sayıb və sayır. Həmişə də belə olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Baydenin məlum təxribatından dərhal sonra türkiyəli həmkarı Ərdoğana telefon açması və iki prezidentin bundan sonra atıla biləcək ortaq addımları müzakirə eləməsi bunun bariz sübutudur. Bu telefon danışığı eyni zamanda, Qərbdəki, ABŞ-dakı erməni havadarlarına aydın və birmənalı mesajdır. Tutduqları yüksək vəzifədən asılı olmayaraq…