Koronavirusa yoluxmuş və evdə müalicə alan xəstələrə pulsuz dərmanların verilməməsi barədə növbəti fakt qeydə alınıb.

Bu barədə BAKU.WS-in qaynar xəttinə məlumat daxil olub.

Şikayətçi Orxan Mirzəyev bildirib ki, koronavirusa yoluxduğu üçün qeydiyyatda olduğu 35 nömrəli şəhər poliklinikasına müraciət edib. Poliklinikadan koronavirus xəstələri üçün nəzərdə tutulmuş və pulsuz verilməli olan dərmanlar şikayətçiyə təqdim olunmayıb.

Ona bildirib ki, yalnız imtiyazlı şəxslərə, 65-yaşdan yuxarı şəxslərə, şəhid və qazi ailələrinə həmin dərmanlar verilib. Bunu 35 nömrəli şəhər poliklinikasının Emin adlı həkimi bildirib.

Məsələ ilə bağlı həkimlə əlaqə saxladıq və o, BAKU.WS-ə bunları bildirdi: “Dövlətin ayırdığı dərmanı verməkdən imtina etmirəm. Güzəştlər var, hansı xəstəyə verin. Hamıya verə biliriksə, desinlər, hamıya paylayaq”.

Koronavirus xəstələrinə pulsuz dərmanların verilməməsi barədə hər hansı göstərişin olub-olmamasını müəyyənləşdirmək məqsədilə Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, dərmanlardan vətəndaşlara verilməsi davam edir:

“Bütün alt və üst simptomlu xəstələrə vitamin kompleksi verilir. Əgər hər hansı vətəndaşa dərmanların verilməməsi halı baş veribsə, Bakı Baş Səhiyyə İdarəsinə müraciət etsin. Müraciətində qeyd etsin ki, ona dərmanlar təqdim olunmayıb. Bütün müraciətlər xüsusi təyin edilmiş komissiya tərəfindən araşdırılacaq”.