Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun oğlu Teymur məhkəmənin qərarı ilə anası Tatyana Əhmədovaya 100 milyon dollar ödəməli olacaq. Məhkəmə onu həm də “atasına kömək etmək üçün hər şey edəcək vicdansız bir adam” adlandırıb.

Bu barədə “Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir.

Hakim Qvinnet Noulz belə bir qənaətə gəlib ki, kiçik Əhmədov atasına kömək edib və əmlak bölgüsünə əsasən anası üçün nəzərdə tutulan 453 milyon funt (600 milyon dollardan çox) vəsaiti almasına mane olmaq üçün “əlindən gələni” edib. Noulz deyib ki, indi o, anasına 100 milyon dollardan çox pul ödəməli olacaq.

Xatırladaq ki, 2016-cı ildə London Ali Məhkəməsi Fərhad Əhmədovun üzərinə keçmiş həyat yoldaşı Tatyanaya 453 milyon funt-sterlinq (varidatının 41,5%) ödəməsi barədə öhdəlik qoyub. Qadının payına saraylar, yaxta, vertolyot, şəxsi təyyarə və incəsənət əsərləri daxildir. Bu boşanma prosesi Londonun ən bahalı boşanma proseslərindən biri kimi qiymətləndirilir.

Dinləmələr 2020-ci ilin sonunda yenidən başlamışdı. Elə həmin vaxt məlum olmuşdu ki, Britaniya vətəndaşlığı olan Teymur anasının iddiasından sonra Rusiyaya qaçıb. Qadın boşanma prosesi zamanı onun üçün nəzərdə tutulan vəsaiti gizlətməkdə atasına kömək etdiyini iddia edərək öz oğlunu məhkəməyə vermişdi.

Ötən ilin sonunda Teymur Əhmədov danışırdı ki, onun London İqtisadiyyat Məktəbində oxuyarkən atası tərəfindən ona bağışlanan 50 milyon dolları fond bazarında riskli əməliyyatlarda itirdiyindən anasının da xəbəri var idi. O qeyd edib ki, anası hətta buna görə onu təsəlli də edib.