Bütün dünyaya yayılan yeni tip koronavirus (COVID-19) pandemiyasından insanları qoruyacaq xüsusi bir qida yoxdur.

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İbrahim Əhmədov deyib.

O bildirib ki, ümumiyyətlə, hansısa qidanın hər hansı bir xəstəliyin qoruyucusu olmasını demək doğru olmaz: “COVID-19-a gəldikdə isə bu müddət ərzində başa düşdüyümüz odur ki, bu xəstəliyə qalib gəlmək üçün yüksək immun sisteminə sahib olmalıyıq. Bu baxımdan hər zaman vurğulanan sağlam və balanslaşdırılmış qidalanma bir daha öz önəmini qazanır.

Bütün bioloji fəal komponentlər, yəni əvəzolunmaz amin turşular, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patalogiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər.

İlk növbədə onu bilməliyik ki, orqanizmdə immun sisteminin möhkəmliyi zülal komponenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz amin turşuları ilə zəngin olan tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır. Heyvani mənşəli məhsullar: süd, digər ağartı məhsulları, balıq, yumurta, ət məhsulları bu qrupda olan komponentlərdir.

Bu məhsullar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələr, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi bu adlarını çəkdiyim məhsullardır. Digər tərəfdən bilirik ki, antioksidant kimi və immun sisteminin yüksəlməsində əsas rol oynayan vitaminlərdir, xüsusi ilə də suda həll olan vitaminlər.

Müəyyən qrup vitaminlərin, xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmamalıyıq ki, orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması digər komponentlərin də bədəndə artmasına şərait yaradır. Tövsiyəm bunların qəbulu ilə bərabər polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq”.