Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbsi barədə qərar qəbul edib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərinə görə, bu barədə bu gün Ermənistan Baş Prokurorluğunun müşaviri Qor Abramyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, ötən gün Kassasiya Məhkəməsi Baş Prokurorluğun şikayətini təmin edib. Belə ki, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və N. Sarkisyanın həbsinə qərar verilib.

Qeyd edək ki, N. Sarkisyan narkotik ticarətində və qanunsuz silah saxlamaqda ittiham olunur. Onun barəsində 2018-ci lilin iyununda axtarış elan olunub. 2019-cu ilin 21 dekabr tarixində N. Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya edilib, 24 dekabrda isə məhkəmə onun həbsinə dair qərar qəbul edib.

2020-ci ilin noyabr ayının sonunda Apellyasiya Məhkəməsi N. Sarkisyanın vəkillərinin vəsatətini təmin edərək onun 50 min ABŞ dolları girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.