Erməni hərbi əsirləri gətirməli olan təyyarə Bakıdan İrəvana boş gəlib.

Musavat.com xəbər verir ki, bununla bağlı erməni mediası Freenews.am-a istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradov təyyarədə tək olub.

Bundan əvvəl baş nazirin mətbuat katibi Mane Gevorkyan fastor.am-a açıqlamasında bir qrup “hərbi əsir”in qaytarıldığı barədə xəbəri təsdiqləmişdi. “Azatutsyun” radiosu və İctimai Televiziya isə “Erebuni” aeroportundan canlı yayım veriblər. Bu zaman “əsir”lərin yaxınlarının hava limanına toplaşdığı aydın olub. Daha sonra məlumat yayılıb ki, təyyarə boş enib və ardınca canlı yayım dayandırılıb.

Ermənistan mediası rəsmi məlumat ala bilməyib. Bildirilir ki, səlahiyyətli şəxslər telefon zənglərini cavablandırmır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti ilə görüşdə də Azərbaycanda həbsdə saxlanılan erməni terrorçuların – onları “hərbi əsir” adlandırdı – azad olunması zərurətindən bəhs etmişdi və Putindən kömək istəmişdi. Azərbaycan isə dəfələrlə bəyan edib ki, hərbi əsirlər son nəfərinədək İrəvana qaytarılıb, saxlanılanlar 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ərazisinə keçən və Qarabağda cinayət törədən terrorçlardır.