Uşaqları leylək gətirir deyə bir nağıl vardı. Uşaqların başını bu atmaca ilə aldadırdılar. Bu üzdən öz gözəlləyindən, zərifliyindən ziyadə bu quşlara bir başqa münasibət, hörmət var. İnsanı dünyaya daşıyan leylək barədə bu gün bir başqa nağıl gündəmə gəlib, “Leylək və 4 eşşəyin nağılı”.
Sosial mediada yayılan şəkilləri çoxlarınız görmüsüz yəqin. Ölkəmizə təşrif buyuran ərəb turistlərin ovladıqları quşlarla çəkdirib yaydıqları şəkillər… Bu şəkillərin içində leyləklə olanı olmasaydı, bəlkə də bu qədər səs-küyə səbəb olmazdı. Ov quşlarının ovlanması başa düşüləndir. Leylək axı ov quşu deyil. Əti də yeyilməz. Bəs bu “qonaqlar” nədən bu quşu ovlayıb, hələ bir şəkil də çəkdirib, paylaşıblar? İnsanlarımızın hissləri məhz bu günahsız quşun ovlanmasından dolayı qarışıb. Bu hadisə yadıma uşaqlığımdakı bir hadisəni saldı. Atam da ovu sevərdi. O zamanlar xidmətdə olduğundan indiki Şabran rayonunda yaşayırdıq. Arada bir dostları ilə ova gedərdilər. Bir dəfə ovdan qayıdanda bir yaralı qu quşu gətirmişdi. Necə olmuşdusa təsadüfən qu quşunu yaralamışdılar. Ağappaq, elə gözəl bir quş idi ki, baxmaqdan doymaq olmurdu. O quşun yarasını müalicə edib bir xeyli müddət həyətimizdə saxladıq. Onun rahatlığı üşün həyətimizdə süni gölməçə də təşkil etmişdik. Bu quşa silah qaldırmaq, ovlamaq normal insanın işi ola bilməz.
Məlum olaydan sonra sosial mediada müxtəlif ittihamlar uçuşur. Hərə birini ittiham edir. Kimisi ərəbləri buraya buraxanı qınayır, kimisi onlara havadarlıq edəni. Əslində ölkəyə turistlərin gəlişi hamımızın marağında olmalıdı. Bunu üçün illərlə işlər görülüb, vəsaitlər xərclənib. Amma bu o demək deyil ki, gələn turist burda istəsiyi saymazlığı edə bilər. Məsələn, biz də arada xaricə səfərlər edirik. Getdiyimiz ölkələrdə, lap elə Ərəb ölkələrində bizə bu cür hərəkətlər etməyə imkan verərlərmi? Ölkənin qanunlarını, qaydalarını bizə çeynədərlərmi? Əsla.
Hazırkı vəziyyətdən bir çıxış yolu var. Bu ovu təşkil edən və həmin ərazidə flora və faundan sorumlu olanlar dərhal müəyyənləşdirilib ictimaiyyətə və hüquq mühafizə orqanlarına təqdim edilməlidirlər. Həmçinin qaydaları pozan turistlər də ən ağır şəkildə cərimələnməlidilər.
Əminəm ki, ölkə rəhbərliyi ictimai qınağı nəzərə alıb əlaqədar təşkilatlara lazımı göstərişi artıq vermişdir.