“Əgər Nikol Paşinyan baş nazir postunda qalmağa davam eləsə, yeni müharibə və növbəti məğlubiyyət qaçılmaza çevriləcək və bu dəfə hərbi əməliyyatlar teatrı Ermənistan olacaq”.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə erməni siyasi şərhçi Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

“İlham Əliyevin Zəngəzur dəhlizi və Türkiyə-Azərbaycan hərbi təlimləri ilə bağlı son açıqlaması rəsmi Bakının 27 sentyabr 2020-ci il öncəki aqressiv çıxışlarını və həmin vaxt keçirilən Türkiyə-Azərbaycan hərbi təlimlərini xatırladır. Bu dəfə isə bəhanə qismində Ermənistan hökumətinin Sünik (Zəngəzur – red.) dəhlizinin açılması ilə bağlı birmənalı olmayan mövqeyindən istifadə etmək istəyirlər. Türkiyə yenə də Azərbaycanı müharibəyə təhrik edir, motiv qismində də erməni tərəfinin 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmalara riayət etməməsini Bakıya təklif edir”, – deyə Tevanyan iddia edib.

Onun sözlərinə görə, Nikol Paşinyan 11 yanvarda Moskvada Azərbaycanın maraqlarını müdafiə edib və hətta əsir məsələsinin (diversant-terrorçular nəzərdə tutulur – red.) belə, həllinə nail ola bilməyib.

Paşinyanın qalması, yoxsa getməsi yeni müharibə deməkdir? – İrəvanda panika

“İndi isə o, “Sünik (Zəngəzur – red.) dəhlizi” müqabilində əsirlərin geri qaytarılması formulu ilə razılaşmaq istəyir. Amma artıq çox gecdir. Ermənistanı danışıqlarda yeni rəhbər təmsil etməyincə, biz əsirləri geri qaytara bilməyəcəyik və maraqlarımızı müdafiə edəcək heç kim olmayacaq”, – deyə o, əlavə edib.

Beləcə, erməni əhalinin beyninin “yuyulması” prosesi davam etdirilir. Hədəf əlbəttə ki, ictimai reytinqi 44 günlük müharibədəki məğlubiyyətdən sonra da öz rəqiblərindən yüksək olan, hakimiyyətdən getmək istəməyən baş nazir Nikol Paşinyanı tam fərasətsiz biri kimi gözdən salmaq, onun “erməni düşməni” obrazını yaratmaqdır.

Paşinyanın qalması, yoxsa getməsi yeni müharibə deməkdir? – İrəvanda panika

Guya Paşinyanın hakimiyyətdə qalması yeni müharibə demək olacaq və guya Azərbaycanla Türkiyə Ermənistana hücuma hazırlaşır. Halbuki Bakı və Ankara İrəvandan fərqli olaraq, daima beynəlxalq hüquq və hamı tərəfindən qəbul edilmiş birgə yaşayış normalarına, BMT tərəfindən tanınmış sərhədlərə hörmət etdiyini bəyan edib və edir – Ermənistan adlı saxta dövlət tarixi Türk torpaqlarında təşəkkül tapsa da.
Əgər Ermənistan müharibə istəmirsə, əhalisi xof içində yaşamağı arzu eləmirsə, eyni yanaşmanı rəsmi İrəvanın da sərgiləməsi kifayətdir. Amma nədənsə Ermənistanın nə iqtidarı, nə də radikal müxalifəti buna tələsmir. O zaman kimdən, nədən inciyirlər, kimə küskündürlər?
Başqa yandan, Ermənistana “hərbi təcavüzə” hazırlaşan Azərbaycan və Türkiyə ona vaxtaşırı geniş əməkdaşlıq təklif eləməz, barışıq əli uzatmazdı. Bu əl 4 aydır havada asılı qalıb. Hələ onu demirik ki, məğlub ölkə hər necə olmasa, KTMT-nin üzvüdür. Yəni Ermənistan Rusiyanın hərbi məsuliyyət zonasına daxildir. Bakı və Ankaranın Moskva ilə münasibətləri korlamaq lüksü isə əsla yoxdur. Elə Moskvanın da.
Əksinə, məhz Nikol Paşinyanın zorla hakimiyyətdən uzaqlaşrılıması və revanşist-radikal qüvvələrin iqtidara gəlməsi erməni xalqına yeni fəlakətlər, yeni müharibə vəd edir – özünün bütün ağır nəticələri ilə birgə. Paşinyan yenə də müharibənin nə olduğunu bilir. Necə deyərlər, başı daşdan daşa dəyib.

Heç şübhəsiz, erməni toplumunun əksəriyyəti ən əvvəl bu səbəbə hakimiyyət dəyişikliyi istəmir və müxalifətin “şirin dili”nə aldanmır…