Hakim Yeni Azərbaycan Partiyasının bugünkü növbədənkənar qurultayından sonra İcra katibliyi ləğv edilib.

Modern.az-ın məlumatına görə, İcra katibliyinin əvəzinə Mərkəzi Aparat yaradılıb və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini, Aparat rəhbəri yətin edilib.

Qeyd edək ki, indiyə kimi YAP-ın İcra katibliyinə Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edirdi…

Beləliklə, bundan sonra YAP-da əsas söz sahiblərindən biri Tahir Budaqov olacaq. Başqa sözlə, o, partiyada Əli Əhmədovun indiyə kimi yerinə yetirdiyi funksiyanı icra edəcək.

Bəs Tahir Budaqov kimdir?

Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildə YAP-ın, 1999-cu ildə YAP Siyasi Şurasının üzvü seçilib.

Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir.

Evlidir, üç övladı var.