Bir ildən artıqdır ki, dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycan da COVID-19 virusu ilə mübarizə aparır. Pandemiya dövründə bir çox qadağalar qoyuldu ki, bunların sırasına toyların keçirilməsi də var.

Bəs növbəti aylarda toyların keçirilməsinə icazə verilə bilərmi?

Redaktor.az saytı paytaxtın məşhur şadlıq sarayları ilə əlaqə saxlayıb, yaxın zamanda toy etmək üçün üçün reservlərin olub-olmadığını öyrənib.

“Romance Hall”ın nümayəndəsi bildirib ki, mart və aprel aylarının bütün təqvim günləri tamamilə doludur: “İnsanlar toy mərasimlərini keçirtmək istəyirlər, amma hələ ki, rəsmi olaraq icazə verilmədiyinə görə tədbirləri dayandırmışıq”.

“Neolit” şadlıq sarayından saytımıza bildirilib ki, reservlər olunub, qarşıdakı iki ay doludur: “Noyabr və avqust aylarına yazılan toylar keçirilib aprel ayına. İcazə olmadığına görə digər şadlıq sarayları kimi biz də toyları təxirə salmışıq”.

“Elite Events Hall”ın nümayəndəsi isə hər hansı bir mərasimin keçirilməsi üçün reserv edilməni dayandırdıqlarını bildirib. Buna səbəb olaraq isə toyların keçirilməsinə rəsmi olaraq icazə olmadığını vurğulayıblar.