Yerevanın ümumi məhkəməsi fevralın 24-də “Sasna tsrer” silahlı qruplaşmanın üzvləri barəsində qərarını açıqlayıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məhkəmə qruplaşmanı girov götürməkdə, qanunsuz silah saxlamaqda, girovları qətlə yetirməkdə təqsirli bilib.

Qruplaşmanın üzvü Smbat Barseqyan iki polis əməkdaşını qətlə yetirdiyi üçün 25 il müddətinə azadlıqdan məhrum edilib. Qalan üzvlər 7-10 il arasında müxtəlif müddətə həbslə cəzalandırılıblar.

Xatırladaq ki, “Sasna tsrer” qruplaşması 2016-cı il iyulun 17-də Yerevanda post patrul xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Yeqiazaryan da olub. Təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasında silahlı qarşıdurma zamanı polis əməkdaşları arasında ölən və yaralananların olduğu da bildirilmişdi.

Bu hadisəyə görə “Yeni Ermənistan” İctimai Birliyinin rəhbəri Jirayr Sefilyan 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Nikol Paşinyan hakimiyyətə gələndən sonra Sefilyan azadlığa buraxıldı. Avropa İttifaqı Ermənistanın “Sasna tsrer” silahlı qruplaşmasını terrorçu dəstə kimi tanıyır.