“Qar yağmaqda davam edir, proqnozlara əsasən sabah günün birinci yarısınadək davam edəcək. Yəqin ki, axşama doğru şaxta da sərtləşə bilər”.

Bunu Milli.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq:

“Belə şəraitdə küçə və yollarda qar-buz getdikcə artacaq. Onsuz da kommunal xidmətlər bütün küçələri təmizləməyi, hər yerə duz və ya qum səpməyi bacarmırlar. Bunu etdikləri küçələrdə də hər saat yeni qar yağır, qumun üstü yenidən qarla örtülür, duzun əritdiyi buzu yenisi əvəz edir. Qısası, yəqin ki, axşama doğru küçə və yollarda qar-buz artacaq. Ona görə də çox diqqətli olun, avtomobiliniz belə şərait üçün hazır deyilsə, özünüzün uyğun təcrübəniz yoxdursa, küçəyə çıxmayın. Kim çıxıbsa da, axşama qədər (18:00-dək) mənzil başına qayıtmağa çalışsın. Ehtimal etmək olar ki, axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq”.