“Ailələrin dağılmasına yol açan əsas səbəblərdən biri də xəyanətdir. Dünyanın bir sıra ölkələrində qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulur. Ər-arvad münasibətlərində xəyanətlə üzləşən tərəf təzminatla təmin edilir. Məsələn, Türkiyədə xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək, təzminat almaq mümkündür”.

Bunu Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə deyib. Onun sözlərinə görə, Türkiyə qanunvericiliyinə əsasən, nikahın pozulması barədə məhkəməyə müraciət edərkən xəyanət olunan tərəf xəyanət edən tərəfdən kompensasiya tələb edə bilər:

“Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu, mümkün deyil. Azərbaycan Respublikasının Ailə və Mülki Məcəllələrində konkret olaraq bu halı tənzimləyən norma yoxdur. Məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və boşanmalar zamanı mənəvi zərər məsələsinə baxılmır. Çünki bu qanuna görə mümkün deyil.

Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulsa da, tərəflər aralarında rəsmi qaydada nikah müqaviləsi bağlamırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 38.1. maddəsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər”.

Vəkil bildirir ki, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər: ”Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Nikah müqaviləsi dünyanın bir sıra ölkələrində tətbiq olunur. Nikah müqaviləsində belə bir şərt qoyula bilər ki, xəyanətə uğramış tərəf digər tərəfdən müəyyən miqdarda kompensasiya tələb edə bilər”.

Müsahibimiz bildirib ki, kompensasiyanın məbləğini tərəflər özləri azad iradəyə əsasən müəyyən edə bilər: “Qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da, praktiki olaraq tətbiq olunmur və tərəflər aralarında belə müqavilənin bağlanmasından çəkinirlər. Təbii ki, burada milli mentalitet, adət-ənənələr, ictimai qınaq, qarşılıqlı etimadın qırılması, inamsızlıq yaranması və sair faktorlar var. Xüsusən də kişilər belə bir müqavilənin bağlanmasından çəkinirlər ki, gələcəkdə xəyanət hadisəsi baş verərsə, qadınlar onlara qarşı alimentdən başqa əlavə olaraq mənəvi ziyana görə də kompensasiya tələb edərlər. Lakin çox güman ki, yaxın gələcəkdə Azərbaycanda da digər ölkələrdə olduğu kimi qanunvericiliyə dəyişiklik edilərək məsuliyyət nəzərdə tutan müvafiq normalar qəbul ediləcək ki, xəyanət halları azalsın və xəyanətə uğrayaraq mənəvi zərər çəkmiş tərəfin hüquqları kobud şəkildə pozulmasın. Bəzi ölkələrdə xəyanət cinayət və inzibati məsuliyyətə səbəb olur.

Bəzi ölkələrdə isə xəyanətə görə hətta ölüm cəzası da ( İran, Birləşmiş Ərəb Əmirlikləri və s.) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası qanunvericiliyinə görə isə ər-arvadın xəyanəti cinayət və inzibati məsuliyyətə səbəb olmur. Xəyanətə görə mənəvi zərərin sübut olunması isə olduqca qəliz, hətta mümkünsüz məsələdir. Bu sahədə ölkəmizdə müsbət yönümlü vahid məhkəmə praktikası formalaşmayıb”.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, kişinin qadına xəyanəti və ya əksi, nişanlı olan zaman cinsi münasibətdə olma kimi hallar mənəvi cinayətdir: “Qanunvericilik deyir ki, bu, yetkinlik yaşında olan şəxslərin öz seçimidir. Amma bəzi hallarda etibardan sui-istifadə etmə və ya şirnikləndirmə, inandırma kimi proseslər mənəvi hallardır. Bu cinayətlərin hesabları daha ağır ola bilir – intihara qədər. Doğrudur, cinayət məcəlləsində “məvəni cinayət” deyilən bir anlayış yoxdur. Düşünürəm ki, xəyanətlə bağlı sübutlar varsa, şəxsin psixologiyasına, gələcəyinə, planlarına ziyan vurursa, qarşı tərəfdən kompensasiya almaq mümkündür. Sadəcə olaraq sübutları doğru-dürüst toplayıb məhkəməyə müraciət etmək lazımdır”.

Ekspert deyir ki, bununla bağlı çox adam müraciət etmir və cinayətə əl atır, qisas almağa çalışırlar: “Bəzi hallarda isə sui-istifadə halları da olur – yalandan şər, böhtan atmaq. Məsələn, mən kişilər tanıyıram ki, başqa nömrədən qadına mesajlar yazır və onu xəyanətdə günahlandırır. Burada kifayət qədər hüquqi əsaslar olmalıdır. Bəzən görürsünüz ki, cəmiyyət də yazılanlara inanır və qadına qarşı basqılar edilir, ittiham olunur, halbuki kişinin əməllərini heç kim müzakirə etmir. Dəfələrlə şahid olmuşam ki, ər öz arvadına başqa telefonlardan mesaj yazaraq belə fikir formalaşdırır ki, guya arvadı xəyanət edir. Bu cinayətləri heç kim cəzalandırmaq istəmir”.

Sfera.az