Folklorumuzdan bir əhvalat yadıma düşdü. Bir gün azərbaycanlı pəhləvan rus güləşçi ilə rinqdə qarşılaşır. Bizimkinin məşqçisi də öz atası imiş. Döyüş başlayan kimi atası başlayır durmadan kənardan təlimatlar verməyə: “Oğul, onu elə, bunu elə”. Güləşçimiz bilmir rusa müqavimət göstərsin, ya atasının təlimatlarına qulaq assın. Bir belə, iki belə, hövsələdən çıxır. Axır dözmür, qayıdır ki; “Ay dədə, beşcə dəqiqə mənə imkan ver, öz bildiyimi edim, sonra yıxılmış rusunu məndən istə”
2-ci Qarabağ müharibəsinin aktiv fazası sona çatandan bəri hamımızı narahat edən bir çox suallar var. Hər gün qulağımız bir şey eşidir. Erməni və rus mətbuatı məqsədli şəkildə ağlımızı və könlümüzü bulandıran xəbərlər yayırlar. Məqsədləri bu cür xəbərlərlə sülhməramlıların nəzarətində olan Xankəndinə və digər ərazilərə hansısa status veriləcəyini ictimai fikrə yeritməkdi. Son günlər ATƏT-in Minsk Qrupunu da tez-tez yada salırlar. Hamı sual edir ki, əzici üstünlüyümüz olduğu halda niyə müharibəni sona çatdırmadıq? Erməniləri ərazimizdən niyə çıxarmadıq? Sülhməramlı adı altında rus əsgərini Qarabağa niyə buraxdıq? Hamı güləşçimizin atası kimi məsləhət verir. Bu sualların bir cavabı var: Bundan artığını etməmiz mümkün deyildi. Etsəydik, daha zərərli çıxardıq.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev çıxışlarında tez-tez dediyi bir cümləyə diqqət edək. “Biz hər şeyi izləyirik, hər şeyi görürük.” Gedən prosesləri, aparılan danışıqları ondan yaxşı kim bilər ki… Prezidentin 44 günlük müharibə dövründə ortaya qoyduğu qəti mövqeni, Azərbaycanın əleyhinə olan bütün qüvvələrə qarşı sərt mövqeyini yəqin xatırlayırsınız. Ali Baş Komandan hər çıxışında, xalqa hər müraciətində yumruğunu düyünləyib düşmənə və onun havadarlarına öz yerlərini göstərdiyini də unutmamışıq. Belə bir sərkərdə geri addım atarmı? Möhtəşəm zəfərdən sonra Azərbaycanın ziyanına olan qərarı imzalayarmı? Adam az qala açıq dillə deyir ki, bir silahlı rus, erməni qalmayacaq Qarabağda. Atılan addımlar, aparılan siyasət buna yönəlib. Qardaş Türkiyənin bu proseslərdə yanımızda olması əminlik yaradır ki, sonunda hər şey istədiyimiz kimi, bəlkə də daha yaxşı olacaq. Sadəcə bir az zaman və səbir lazımdı. 30 ilə yaxın idi səbirli xalq idik axı. Nə oldu indi bizə?
Yeri gəlmişkən, ictimai rəyi manipulyasiya edən qüvvələrin davranışı da gözümüzdən yayınmır. Azərbaycanın qazandığı böyük qələbə birilərinin yuxusunu qaçırıb. Ölkə daxilində elə qüvvələr var, onlar bu qələbəni gözdən salmağı özlərinin gündəlik işinə çeviriblər.
Səbəb aydındır: işğaldakı torpaqlar azad edildikdən sonra, bunların siyasi mövcudluğu kimə lazım olacaq? Bunu anladıqlarına görə bütün imkanlarını səfərbər ediblər. Sözdə İlham Əliyevə qarşı olduqlarını nümayiş etdirirlər. Amma faktiki onların bu mövqeləri Azərbaycana qarşıdır. “Qarabağdan Azərbaycana təhlükə var” tezisini ortaya atan adamlardan başqa nəsə gözləmək sadəlöhvlük olardı.
Ələsgər Süleyman, “Yeni Müsavat” Media Qrupunun Baş direktoru