“Budurmu sizi qonaq etməkdən sonra mənə qoyduğunuz hörmət?” – aparıcı bu siyasi düşərgəyə sitəm etdi
Jurnalist Sevinc Osmanqızı bu gün öz efirindən səs-küy doğuracaq bir müəllif verilişi yayımlayıb. “Səni çökdürəcəyik! – Mənə hücumlar və mənim cavabım” başlıqlı verilişində həyəcanlı şəkildə, sensasion açıqlamalar verən xanım jurnalist şəxsinə və kanalına qarşı aparılan mənəvi terror kampaniyasından danışıb.
S.Osmanqızı bildirib ki, bu günlərdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunu efirə qonaq çağırdığı üçün müxalifdəki dostlarından ona hücumlar başlanıb. Həmin şəxslər S.Osmanqızını “bu kanala necə gəlmişdikcə, elə də gedəcəyik”, “səni çökdürəcəyik” sözləri ilə təhdid ediblər.
Musavat.com bildirir ki, S.Osmanqızı öz müəllif verilişində cavab verdiyi şəxslərin adlarını konkret olaraq çəkməsə də, söhbət onun Azərbaycandakı tərəfdaşları AXCP sədri Əli Kərimli, Milli Şura təmsilçiləri, Gültəkin Hacıbəyli və onların tərəfdarlarından gedir. Veriliş zamanı bir çox tamaşaçılar da şərh hissəsinə məhz bu şəxslərin adlarını yazaraq, jurnalistə dəstək verdilər. Bu qənaətə gəlməyə əsas verən səbəb isə odur ki, Əli Kərimli və tərəfdarları məhz Ə.Əliyev və M.Mirəlioğlu ilə kəskin ziddiyyətlər içərisindədirlər və bu kanalı da özlərinin hesab edirlər. Özlərinin hesab etdikləri üçün S.Osmanqızına təzyiq edərək, arzulamadıqları şəxslər bu kanala qonaq olacağı halda, Osmanqızı TV-ni boykot edəcəklərini, çökdürəcəklərini bildiriblər. “Sizdə kim elə təəssürat yaradıb ki, mənə “efirə onu çağır, bunu çağırma” deyə bilərsiz?” sualını israrla, xüsusi intonasiya ilə bir neçə dəfə təkrarlayan aparıcı eyni zamanda ad çəkməsə də Ə.Kərimli cəbhəsi üçün etdiyi yaxşılıqlardan da danışıb.
Yazının bu hissəsində aparıcı xanımın bəzi sitatlarını sizin nəzərinizə çatdırmaqla söhbətin kimdən getdiyinə əmin olmanıza yardım edəcəyik.
Sitatlara diqqət: “Mən sizə daha çox xeyir vermişəm”, “Öz ayağınıza güllə atmayın”, “Mən bilirəm ki, Osmanqızı kanalına çıxmaq cəsarət istəyir, siz efirə çıxmırsızsa, mən sizi bu rejimin qurbanı hesab edirəm”, “Budurmu sizi qonaq etməkdən sonra mənə qoyduğunuz hörmət?”, “Kanala bir daha çıxmamaq qərarı verirsizsə, bu, sizin qərarınızdır”
Beləliklə, görünən budur ki, Azərbaycan müxalifətinin radikal qisminin Əli Kərimli cinahının ən böyük informasiya dəstəkçisi Sevinc Osmanqızı ilə Bakıdakı tərəf müqabillərinin arası ciddi şəkildə dəyib.
Aparıcı xanım sonda tamaşaçılarına müraciət edərək yardım istəyib: “Sizə o scrinləri göndərirlər ki, Osmanqızı satqındır. Siz də onların acığına mənim kanalıma abunə olun. Gücümüz daha da artsın”.
Qarşı tərəfin – AXCP və Milli Şura rəhbərliyinin bu efirə hansı cavabı verəcəyi də maraq mövzusudur. Mövzunu davam etdirəcəyik.