Paytaxt sakinləri illərdir unudulan parkın əhalinin istifadəsinə verilməsini istəyirlər.

Medianews.az xəbər verir ki, bu barədə oxu.az-ın redaksiyasına sakinlər tərəfindən müraciət ünvanlanıb. Söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Ana və bala” parkından gedir.

Sakinlər deyir ki, uzun illərdir əhalinin istirahət yeri olan parkın giriş-çıxışı abadlaşdırma işləri ilə əlaqədar bağlanıb:

“2011-ci ildə parkı təmir adı ilə bağladılar. Parkda uşaqlar üçün quraşdırılan yelləncəklər istifadəyə yararsız halda idi. Biz də sevindik ki, bərpa edəcəklər, daha yaxşı vəziyyətə salınacaq. Guya yenidənqurma işləri aparılacaqdı, amma əksinə, daha da dağıtdılar”.

2011-ci ildən bu günə qədər parkda aparılan təmir-bərpa, abadlıq işlərinin isə nə zaman bitəcəyi barədə məlumat yoxdur.

“Parkın təmir-bərpa işlərini 2011-ci ildə “Azinko” şirkəti Suraxanı Rayon İcra Hakimiyyətinin layihəsi əsasında öz üzərinə götürüb”, – deyə müraciətdə qeyd olunub.

Məsələ ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan oxu.az-ın parkda hansı işlərin aparıldığı, hazırda işlərin hansı mərhələdə olması və parkın nə zaman yenidən əhalinin istifadəsini veriləcəyi ilə bağlı suallarına isə belə cavab verilib:

“Suraxanı Rayon İcra Hakimiyyətinin layihəsi əsasında Yeni Günəşli yaşayış massivində yerləşən “Ana və bala” parkında “Azinko” şirkəti tərəfindən abadlıq işlərinə başlanılıb. Bu işlər Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixində imzaladığı Fərmanına əsasən mərhələli şəkildə aparılır. Fərmana əsasən, parkın abadlaşdırılması Azərbaycan Respublikasında Regionların 2019-2023-cü illər üçün Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına salınıb. Bu səbəbdən də ərazidə davam etdirilən işlər proqrama uyğun olaraq tamamlanacaq”.