Rusiyanın Krasnoyarsk vilayətində yerləşən “Luç” bazarının milliyyətcə azərbaycanlı olan 60 yaşlı direktoru Akif Şixəliyev həbs edilib.

Bu barədə hgs24.ru xəbər yayıb.

Məlumata görə, bazarda baş verən atışma ilə əlaqədar saxlanılan A.Şıxəliyev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, hadisə ilə bağlı “Silahdan istifadə edərək xuliqanlıq etmə” maddəsi ilə cinayət işi açıb. Buna görə A.Şıxəliyevə 7 il müddətinə həbs cəzası verilə bilər. Münaqişənin digər iştirakçıları da nəzarətə götürülüb.

Xatırladaq ki, fevralın 5-də A.Şıxəliyev özünə məxsus bazarda ov tüfəngindən havaya atəş açıb. Xoşbəxtlikdən zərərçəkən olmayıb.

Bununla bağlı yayılan videoda Şıxəliyevin qarşısındakı şəxsi ov tüfəngi ilə hədələyərək “Dizli üstə! Dizi üstə dedim!”, – deyə qışqırdığı görünür.

Nəşrin araşdırmasına görə, bazarda vəziyyət adətən sakit olur. Əsasən yolun digər tərəfində olan “Yujnaya” tərəvəz bazarının rəhbərliyi ilə xırda münaqişələr baş verir.

“Orada ərzaqlar nisbətən ucuzdur. Burada isə qiymət bir qədər yüksəkdir. Topdan satıcılar bu səbəbdən adətən “Luç” bazarını seçmirlər. Bu da yerli sahibkarları qıcıqlandırır”, – deyə bazar işçilərindən biri deyib.