“Xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun hazırlamağı düşünürük. Belə bir qanunun hazırlanması o qədər də asan məsələ deyil. Hazırda xeyriyyəçiliklə bağlı beynəlxalq təcrübə öyrənilir. Hesab edirəm ki, bu barədə indi ətraflı danışmaq hələ tezdir. Tam öyrənildikdən sonra yaz sessiyasının gündəliyinə daxil ediləcək”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Musa Quliyev ötən il Şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı parlamentdə keçirilən dinləmələrin bu il də davam etdiriləcəyini anons edib:

“Şəhid ailələrinin, Qarabağ əlillərinin, veteranların məşğulluğu, qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirləri, eləcə də, şəhid ailələrinə, əlillərə göstəriləcək sosial dəstək məqsədilə bu tip tədbirlərin keçirilməsini genişləndirəcəyik. İş planımızda bu məsələlərlə bağlı mütəmadi dinləmələr keçirməyi düşünürük”.

Komitə sədri belə bir qanunun hazırlanması üçün əvvəllər də fikirlər səsləndiyini qeyd edib:

“Bir neçə il bundan qabaq xeyriyyəçiliklə bağlı qanunun hazırlanması təklifini sürsək də, həllini tapmadı. Artıq komitə və Milli Məclisin müvafiq şöbəsi bununla bağlı tapşırıqlarını verib. Hazırda dediyim kimi, başqa ölkələrin qanunvericilik təcrübəsi öyrənilir. Hesab edirəm ki, parlamentin yaz sessiyasında Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun layihəsində xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq. Çünki xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlara güzəştlərin tətbiq olunması və bu fəaliyyətin stimullaşdırılması çox vacibdir”.