Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, Türkiyəyə məxsus “Mozart” adlı gəmi Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb.

Quldurlar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.

Gəmidə olan 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

İnsident San-Tome şəhərindən 98 dəniz mili (181 kilometr) məsafədə baş verib. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub. Hücum edənlərin sayı isə məlum deyil.