Terrorçu, cani, qatil… Hətta bəzi erməni mənbələri də Vazgen Sarkisyanın adının qarşısında bu ifadələri söyləməkdən çəkinmirlər.

Erməni yazıçısı Anna Payatyan isə öz açıqlamalarında fikirlərini daha aydın ifadə edib: “Xocalıda soyqırımı olub və bunun üçün quldurlar cavab verməlidirlər. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryan… Onların hamısı uşaq və qadınların qatilləridir…”

Vazgen Sarkisyanla bağlı ikinci təqdimat isə fərqlidir, “Artsax qəhrəmanı” və Ermənistanın milli qəhrəmanı. Birinci titul qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma rəhbərləri tərəfindən təqdim olunan “fəxri” addırsa, ikinci mükafat Ermənistanın rəsmi mükafatıdır. Bu mükafatla Vazgen Sarkisyanın təltif olunması isə bir daha sübut edir ki, bütün dövrlərdə Ermənistan rəhbərliyi üçün terrorçu və canilər “qəhrəman” sayılıblar. Bu həm də Ermənistan liderlərinin terrora birbaşa dəstək vermələrinə sübutdur.

Cəllad xislətli Vazgen Sarkisyan: erməni terrorçunun 21-ci əsrlə bağlı gorbagor olan xəyalı

Vazgen Sarkisyan 1959-cu ildə Vedi rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra İrəvan Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə orta məktəbdə idman müəllimi kimi başlayıb. Daha sonra komsomol orqanlarında işləyən Vazgen Sarkisyan həm də bir müddət ədəbi yaradıcılıqla da məşğul olub.

Gənc yaşlarından qatı millətçi kimi tanınan, antiazərbaycan, antitürk təbliğatçı kimi tanınan Vazgen Sarkisyan 1990-cı ildə Ermənistan Ali Sovetinə deputat seçilib. O, Dağlıq Qarabağ hadisələri başlanan gündən erməni hərəkatının ən fəal üzvlərindən biri sayılıb və Dağlıq Qarabağda ilk silahlı dəstələrin yaradıcılarından biri olub.

Vazgen Sarkisyan 1991-ci ildə Ermənistanın ilk müdafiə naziri təyin edilib. O, nazir kimi fəaliyyətini Ermənistanda deyil, Dağlıq Qarabağda icra edib.

“Qələbə simvolu” adını qazanan Vazgen Sarkisyan Şuşanın və Laçının işğal edilməsini özünün ən böyük “uğuru” sayıb. Ümumiyyətlə, o, Ağdərədə, Şuşada, Xocalıda, Laçında, Xocavənddə keçirilən əsas hərbi əməliyyatlara rəhbərlik edib.

Cəllad xislətli Vazgen Sarkisyan: erməni terrorçunun 21-ci əsrlə bağlı gorbagor olan xəyalı

1992-ci ilin sonlarında Vazgen Sarkisyan Ermənistan prezidentinin müdafiə məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 1993-cü ildə isə o, dövlət naziri kimi Ermənistanda müdafiə, təhlükəsizlik və daxili işlər orqanlarına başçılıq edib.

Vazgen Sarkisyan Dağlıq Qarabağa qanunsuz silah daşınmalarında və xarici ölkələrdə yaşayan erməni hərbçilərin Qarabağa cəlb edilməsində xüsusi fəallıq göstərib.

Cəllad xislətli Sarkisyan uzun-uzadı müzakirə və mübahisələri xoşlamayıb, o, istənilən vaxt, istənilən məkanda məsələni qısa və konkret öz tabel silahı ilə həll etməyə daha çox üstünlük verib.
Vazgen Sarkisyan 1995-ci ildə ikinci dəfə Ermənistanın müdafiə naziri təyin edilib. Bütövlükdə həm Dağlıq Qarabağda, həm də Ermənistanda silahlı qüvvələri öz nəzarəti altında saxlamağı bacaran Vazgen Sarkisyan erməni siyasi liderləri üçün təhlükəli bir şəxsə çevrilib.

Cəllad xislətli Vazgen Sarkisyan: erməni terrorçunun 21-ci əsrlə bağlı gorbagor olan xəyalı

1997-1998-ci illərdə Vazgen Sarkisyan Robert Koçaryan və Serj Sarkisyanla birgə üçlük yaradaraq Levon ter-petrosyanın hakimiyyətdən devrilməsinə nail olub. Məhz Robert Koçaryanın Ermənistan prezidenti seçilməsində Vazgen Sarkisyanın xüsusi rolu olub.

1998-ci ildə Vazgen Sarkisyan Ermənistan Respublikaçılar partiyasına sədr seçilib. Ermənistanın keçmiş birinci katibi Karen Dəmirçyan isə Xalq Partiyasına rəhbərlik edib. Parlament seçkilərində də məhz bu iki partiya daha çox yer alıb. Bununla da, 1999-cu ildə Vazgen Sarkisyan baş nazir, Karen Dəmirçiyan isə parlamentin sədri kürsülərinə sahib olublar.

Həmin ərəfədə Ermənistanda əsas hakimiyyət də elə bu cütlüyün, Sarkisyan-Dəmirçiyan cütlüyünün əlində olub. Robert Koçaryana isə geniş meydan verilməyib. Həmişə olduğu kimi erməni liderlər öz siyasi konfliktlərini bu dəfə də terrorla həll ediblər.

Cəllad xislətli Vazgen Sarkisyan: erməni terrorçunun 21-ci əsrlə bağlı gorbagor olan xəyalı

“21-ci əsr bizim əsr olacaq” deyən Vazgen Sarkisyan “arzuladığı” əsrə çata bilməyib. 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin binasında terror aktı zamanı Vazgen Sarkisyan qətlə yetirilib. Bu hadisə Ermənistanın siyasi həyatında yeni mərhələnin başlanğıcına səbəb olub və “Qarabağ klanı” ölkədə öz mövqelərini daha da möhkəmləndirib.

Qətlə yetirildikdən sonra Vazgen Sarkisyan Ermənistanın milli qəhrəmanı adı ilə təltif olunub. Ermənistanda, Dağlıq Qarabağda onun adına küçələr verilib, İrəvanda və Şuşada büstü qoyulub, haqqında film çəkilib, kitablar yazılıb. Ancaq nələr olunsa da, erməni millətçiləri cani “qəhrəmanın” ruhunu şad edə bilməyiblər və edə bilməyəcəklər də. Çünki 21-ci əsr Vazgen Sarkisyanın düşündüyü və arzuladığı əsr olmadı. 21-ci əsrin 20-ci ilində Azərbaycan Ordusu Vazgen Sarkisyanın yaratdığı ordunu darmadağın edərək bayraqlarımızı ermənilərin heç vaxt əlləri çata bilməyəcəyi yüksəklərə qaldırdı.

İlham Cəmiloğlu,
Musavat.com