Bir sıra cinayətlərdə ittiham olunan rusiyalı təqaüdçü Sofya Jukova həbsxanada koronavirusa yoluxub və 81 yaşında ölüb.

Bu barədə “Komsomolskaya Pravda” öz mənbəsinə istinadla xəbər verib.

Berezovka kəndindən (Xabarovsk) olan təqaüdçü 2019-cu ildə yaşayış yerinin yaxınlığında istilik magistralının yanında kəsilmiş insan əlinin tapılmasından sonra cinayətdə şübhəli bilinib. Məlum olub ki, tapılmış qalıq Jukovanın otağını kirayəyə götürən ukraynalı süpürgəçiyə məxsusdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının evinə gələndə qan izləri, bıçaq və mişar da daxil olmaqla bir sıra dəlil tapıblar.

Şübhəli saxlanılıb və qısa müddətdən sonra o, kirayənişinini qətlə yetirdiyini etiraf edib.

Jukova daha sonra müstəntiqlərə 2005-ci ilin dekabrında səkkiz yaşlı bir qızı öldürdüyünü deyib.

İstintaq təcridxanasında olarkən isə təqaüdçü başqa bir qətli – rəfiqəsini öldürdüyünü etiraf edib. Onun sözlərinə görə, cinayət 2013-cü ilin aprelində törədilib.

İstintaqa görə, Jukova bütün qurbanlarını balta ilə öldürüb və sonra doğrayıb.

Məlumata görə, Jukova Xabarovsk şəhər xəstəxanasında koronavirusun yaratdığı fəsadlardan ölüb. Məhkəmə ona hələ hökm oxumamışdı.