Görünür ki, Balasanyan nəinki gözü çıxmış, hətta müharibədə ölmüş qardaşlarının acı taleyindən nəticə çıxarmayıb…
Məlum olduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni əhalinin lideri sayılan Araik Arutunyan dekabrın 2-də Vitali Balasanyanı “təhlükəsizlik şurasının katibi” postuna qaytarıb. General-leytenant Vitali Balasanyan 2016-cı il noyabrın 3-dən 2019-cu il iyunun 11-dək o zamankı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” olub.
1959-cu ildə Əsgəranda doğulan Vitali Balasanyan Azərbaycan torpaqlarının qanlı işğalının, soyqırımı cinayətlərinin ən fəal iştirakçılarındandır. Separatçı rejimdə diviziya komandiri, “müdafiə nazirinin müavini” olub. Daşnaksutyun partiyasının üzvüdür. 2012 və 2019-cu illərdə “Qarabağ prezidenti” vəzifəsinə namizədliyini irəli sürüb.
Onun “vəzifəyə təyinatından” dərhal sonra Araik Arutunyanın vəzifədən gedəcəyi ilə bağlı xəbərlər yayılmağa başlamışdı. Artıq Qarabağda hakimiyyət dəyişikliyi haqqında şaiyələr reallığa çevrilməkdədir.
Belə ki, Balasanyan iki gün əvvəl Əsgəranda seperatçıların tör-töküntülərini başına toplayıb və səs-küylü bəyanatlar verib. O deyib ki, “Qarabağ ordusu” artıq onun rəhbərlik etdiyi “təhlükəsizlik şurasının” nəzarəti altına keçib. “Yaxın gələcəkdə biz təhlükəsizlik şurasına tabe olacaq sərhəd qoşunları, müntəzəm silahlı qüvvələr yaradacağıq”. Bundan başqa, müqavilə əsasında xidmət göstərən hərbi qulluqçular ehtiyatı, qeyri-nizami qoşun, habelə batalyonlarla gücləndirilmiş polis və milli təhlükəsizlik xidməti yaradılacaq. Xəbəri erməni mənbələri yayıb.
“Turan” isə xəbər verir ki, yerli TV-lərə danışan Balasanyan öncə Qarabağ “liderlərindən” öz Facebook səhifələrini bağlamağı tələb edib. Bundan başqa, o, məmurlara xəbərdarlıq edib ki, iş vaxtı sosial şəbəkələrdən istifadə işdən çıxarılmaqla cəzalandırılacaq. “Sərhədlər və bizim statusumuz dəqiqləşdiriləcək. Ermənistan və Rusiya ilə iş apardıqdan sonra Əsgəran rayonunun bir hissəsini və Hadrut rayonunu qaytaracağıq. Bakının Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı reallıqdan uzaqdır. Atəşkəsdən sonra Azərbaycan tərəfindən ərazi pozuntuları olub, amma onlar müvəqqəti xarakter daşıyır. Antiterror əməliyyatı həyata keçiriləcək. Bütün pozuntuların qarşısı alınacaq, o cümlədən də sülhməramlılar tərəfindən. Yaşayıb, Azərbaycanın yaxın gələcəkdə hansı vəziyyətə düşəcəyini görəcəyik”, deyə o bildirib.
Ermənistana ikigünlük səfərinə toxunan Balasanyan bildirib ki, bu, Ermənistan SQ-nin Baş Qərargah rəisi və müdafiə naziri ilə görüşmək məqsədilə təşkil olunmuş rəsmi səfər idi.
Beləliklə, əli azərbaycanlıların qanına batmış birisi yenidən fəal siyasi səhnədə peydə olaraq, Azərbaycan hakimiyyətinə dil uzatmağa cəsarətlənib. Müharibə dövründə qaçıb siçan kimi Ermənistanda gizlənən Balasanyanın yenidən “ordu yaratmaq”, hətta “Hadrutu geri almaq” kimi xəyallara düşməsi təsadüfi deyil. Araik Arutunyanın artıq “istifadə müddəti” bitib və “ordusu”, əski parçasına dönmüş “bayrağı” kimi özü də tarixin zibilliyinə düşüb. İndi Qarabağa qaytarılmış bədbəxt ermənilərin taleyi ilə yeni və bu dəfə daha təhlükəli oyun qurulur və meydana əli qanlı Balasanyan kimi bir qorxaq general çıxır, amma nəyə görəsə “ciyər yemiş” kimi danışır. Unudur ki, Rusiya bir neçə saat ləngisəydi, indi onun sığındığı son xain yuvası da Azərbaycan ordusunun nəzarətinə keçmiş, onun kimilər isə layiqli cəzalarını almışdılar. Amma görünür ki, Balasanyan, nəinki gözü çıxmış, hətta ölmüş qardaşlarının acı taleyindən nəticə çıxarmayıb.
Orxan ƏLİYEV,
Musavat.com