Vətən Müharibəsi zamanı xeyli qəhrəmanlarımız torpaqlarımızın bütövlüyü uğrunda canından keçib şəhidlik zirvəsinə ucaldı. Bu qəhrəmanlardan biri də Kərəm Veyisovdur.

Baku TV xəbər verir ki, 1998-ci ildə Xaçmaz şəhərində doğulan Kərəm Veyisov on bir yaşından idmanla məşğul olub, dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən, üç dəfə dünya çempionatının qalibi adını qazanıb.

Həqiqi hərbi xidmətini başa vuran Kərəm iyul döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb. Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb.

Füzulidən Şuşayadək gedən döyüşlərdə iştirak edib. Kərəmin qəhrəmanlığı ilə qürur duyan qardaşı bildirib ki, torpaqlarımız düşməndən azad olunduqca zəfər qazanan Kərəm evə zəng edib sevincini onlarla bölüşürdü.

Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və döyüş yoldaşları ilə bayrağımızı Şuşaya sancıb. Müharibənin başa çatmasına saatlar qalarkən Kərəm Şuşa şəhərində düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhid olub.

Onun bütün savaşlarda ən öndə getdiyini bildirən döyüş yoldaşları Kərəmin düşməni yalın əlləri ilə boğaraq məhv etdiyini, döyüşlərdə “Canavar” ləqəbi ilə tanındığını bildiriblər.