Ermənistan müharibədə rəzil olmasına rəğmən, köhnə “Artsax” planından yenə əl çəkmir…
Ermənistanda siyasi böhran davam etməklə paralel olaraq, məğlub baş nazir Nikol Paşinyanın mövqelərinin repressiyalar sayəsində hakimiyyətini möhkəmləndirməsi prosesi gedir.
Məğlub komandanın üzvləri bir-bir dəyişdirilir, hakimiyyət rıçaqları gücləndirilir. Paşinyanın ilk dəfə tərəfdarının keçirdiyi aksiyada görünməsi, tədricən gizlənməyə məcbur olduğu bunkerdən də çıxacağını göstərir.
Bundan əvvəlki şərhlərimizdə də qeyd etmişdik, Ermənistandakı hazırkı vəziyyət elədir ki, səngiməyən etirazlara baxmayaraq, heç bir qüvvə məğlubiyyətdən sonrakı mirasa yiyə durmaq da istəmir. Üstəlik, son 15 günün təhlilləri göstərdi ki, Ermənistanda hakimiyyətə iddia edəcək və xalqın tam dəstəyini ala biləcək qüvvə(lər) də yoxdur. Bu müharibə illərdir hakimiyyətə yeganə alternativ qüvvə olan “Qarabağ klanı”nın da belini qırdı, onları ən azı yaxın illərdə siyasi səhnədən zibil kimi süpürüb atdı.
Neçə illərdir ki, “Artsax qəhrəmanı” kimi qürrələrənək İrəvanda at oynadan, amma iki il yarım əvvəl “Soros uşaqlarının” küçə inqilabı nəticəsində küncə sıxışdırlan Sərkisyan-Köçəryan ikilisinin və ətrafının indi səsləri belə çıxmır. Bu ağır məğlubiyyətdə onların da məsuliyyəti var və bundan sonra nəinki hakimiyyətə gəlmək, hətta idarə qapısında gözətçi olmaq şansları belə yoxdur.
Paşinyanın növbəti parlament seçkilərinədək hakimiyyətdə qalmaq niyyəti, şübhəsiz ki, Ermənistandakı böhranı müəyyən zaman çərçivəsində səngidə bilər. Sonrası böyük bir müəmma…
Əgər İrəvanda sağlam düşüncəli kimlərsə qalıbsa, ən əsası Azərbaycan torpaqlarında bir ovuc sadə qarabağlı ermənilərin yaxşılığını düşünürlərsə, heç olmasa, indi onları dinc buraxmalı, hakimiyyətə yiyələnmək vasitəsi kimi istifadə etmək siyasətindən birdəfəlik çəkinməlidirlər.
Amma görünən budur ki, “Artsax” deyilən xülyadan erməni bostanında xiyar kimi adı qalsa da, İrəvan hələ də işğalçı siyasətindən əl çəkmir. Paşinyanın Ağdamın işğaldan azad edilən gün Vaqаrşak Arutyunyanı müdafiə naziri təyin etməsi bu baxımdan diqqət çəkir. Bu murdar mundirli generalı müharibənin davam etdiyi oktyabr ayında Rusiya televiziyalarına açıqlamasından yaxşı tanıyırıq. O, şərəfsizcəsinə “Azərbaycanın dinc əhalisini hədəf alaraq, onlarda təşviş yaratmaq istəyirik” deyən generaldır. Erməni nəşrləri yazır ki, Paşinyan yaralarını hələ sağaltmayan “dqr”in sabiq “müdafiə naziri” Cəlal Arutyunyana da yeni nazirin dövründə baş qərargah rəisi vəzifəsini təklif edib, amma imtina cavabı alıb. Paşinyanın seçim imkanları, əlbəttə ki, məhduddur, amma Azərbaycanın dinc əhalisinə divan tutmağı təklif etmiş, həm də gerçəkləşdirmiş birinin müdafiə naziri təyinatı nə deməkdir? Cavab belədir: bu, Ermənistanda faşizm ideologiyasının yenə davam edəcəyi deməkdir.
Paşinyan özü də dinc oturmur, son olaraq Fransa prezidenti ilə telefon danışığında ““Artsax”ın tanınmasının vacibliyini, hətta həyati əhəmiyyətli olduğunu” vurğulayıb. Xankəndində oturan qondarma qurumun “xarici işlər nazirliyi” də dünən eyni sərsəm çağırışı edib: “Bizi tanıyın …”
Makronun nə planlaşdırdığı, eləcə də erməni dılğırlarına dəstək vermək fikrində olanların bundan sonrakı addımları, əbəttə ki, Azərbaycanın prinsipial mövqeyinə qətiyyən təsir edə bilməz. Gerçəklik bu ki, “Artsax”adlı xülya birdəfəlik cəhənnəmə gedib, status isə gorbagor olub. Buna Azərbaycan Ordusu hərb meydanında qanı bahasına nail olub. İndi bizim Şeyx Nəsrullah özü belə bu statusu da, qondarma qurumu da “dirildə”, “o dünyadan” geri qaytara bilməz. Bunu isə öncə İrəvandakı “ölülərin” anlaması lazımdır…
Qarabağda hərbi əməliyyatlardan əvvəl guya işğal zonasında 90 min ermənin yaşadığı barədə tirajlanan yalanların məqsədi də bu “tanınmaq sancısı” ilə bağlıdır. Nəyi “tanısınlar” axı? İşğalçı olduğunuzmu? Torpağında oturduğunuz Azərbaycana və xalqına düşmən kəsildiyinizmi? Qatil olduğunuzumu?
Azərbaycan işğaldakı torpaqlarını qanı bahasına geri qaytardı, başları şeytan yuvası Stepanakerdə birdəfəlik əziləcəkdi. Amma bunların arsızlığına məəttəl qalmaya bilmirsən. 1988-ci ildə Spitakda zəlzələ olanda uçmuş evin altından çıxan ermənin oraya baş çəkməyə gəlmiş ermənipərəst Qorbaçovdan “Qarabağ məsələsinin sonu necə olacaq” soruşması lətifə-filan deyildi. İndi başlarına uçurulmuş “dqr”dən bir ovuc qədər ərazi qalıb, amma bunlar hələ də “dövlətdən”, “müstəqillikdən” dəm vururlar. Başlarına vurulan ağır zərbə bunlara azlıq edib, hələ ölülərini yığıb qurtara bilmirlər, amma Araik Arutyunyan adlı bir qanmaz özünü “prezident” hesab edir, rəsmi görüşlər keçirir. Düzdür, daha qalstuk taxmır, çünki müharibədə it kimi qaçıb gizlənə-gizlənə olmayan adamlığını da itirib. Ona indi qalstuk yox, xalta daha çox lazımdır ki, bəlkə Rusiyalı sülhməramlılar onu tutub, nəhayət, bir ağaca bağlasınlar. Bu yaramaz indi də utanmadan “prezident” kimi danışır, kabinetindən fotolar çəkib paylaşır.
Ermənistanın Vatikandakı sabiq səfiri iki gün əvvəl bir müraciət yaymışdı və orada Araikə bizim dediyimizdən də ağır ifadələr işlətmişdi, onu “Paşinyanın tulası” adlandırmışdı. Təkcə Araik yox, bundan əvvəlki qondarma “dqr” rəhbərləri də İrəvanda hakimiyyətdə kim olubsa, onun dediyi ilə hərəkət edib. Araik də yenə Paşinyana sədaqətini nümayiş etdirir. Paşinyanın məğlubiyyəti xalqın üzərinə də yükləməsinə o da dərhal dəstək verdi, xüsusi təyinatlıların Azərbaycanın 5-10 əsgərinin qarşısından qaçdığını dedi. İndi Paşinyan onu yenə “dirildir”. Xankəndi, Əsgəran, Xocalı və Xocavəndin bir hissəsində rusiyalı sülhməramlılarının arxasında gizlənərək “rəhbərlik edən” Araik Ermənistandan qayıdan bir neçə erməni ailəsini belə yerləşdirməyə yer tapmlır, amma “müstəqil Artsax” iddiasında, “prezidentklik” xülyasındadır.
Prezident İlham Əliyevin xalqa son müraciətində verdiyi bəzi mesajlar bu ağıllanmayan erməni başlarına və onlara hələ də “qorxma-qorxma” deyib üzərimizə qısqırtmaq istəyənlərə tutarlı cavab idi. “Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz” deyə, Prezident bildirib.
Bundan tutarlı nə cavab ola bilər ki?
Musavat.com