Ermənistanın turizm sektorunu canlandırma planı uğursuzluğa düçar olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Dünya Səyahət və Turizm Şurasının verdiyi ən son məlumatlara əsasən, turizm sektoru hazırda Ermənistanının ÜDM-nin 11,8 faizini formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12.5 faizi məhz bu sektorda çalışır.

Turizm sektorunun 1,3 milyard ABŞ dolları ilə ümumi ixracdakı payı 24 faizə bərabərdir. İxrac edilmiş məhsul və xidmətlərdən daxil olan hər 100 ABŞ dollarının təxminən dörddə biri məhz turizm sektorunun hesabına formalaşır.

Ermənistanda turizm sektorunun inkişafı, əsasən, xaricdən gələn turistlərdən asılıdır. 2019-cu ildə Ermənistanı 1,9 milyon turist ziyarət edib və bu turistlər də, əsasən, Rusiya, Avropa Birliyi, İran və ABŞ-dan gələn turistlər olub. Bu ölkəyə, son iki ildə Rusiyadan hər il təxminən 500 mindən çox turist gəlib. Ümumlikdə, Ermənistanı ziyarət edən turistlərin böyük əksəriyyəti xaricdə yaşayan erməni əsilli şəxslər olub.

2020-ci il ərzində pandemiya ilə bağlı yaranmış vəziyyətə görə Ermənistanın turizm sektoru ciddi zərərə uğrayıb. Ötən ilə nisbətən Ermənistanın turizm sektorunun dövriyyəsi 2020-ci ilin ilk altı ayı ərzində 90 faizdən çox azalıb. Bu ilin birinci rübündə bu sektorda 135 milyon ABŞ dollar civarında itkilər qeydə alınıb.

Bu ilin sentyabr ayından ölkə turizm xidmətləri göstərən sahələrin yenidən beynəlxalq turistlər üçün açıldığını elan etmişdi. Lakin Ermənistanın sentyabr ayının 27-də Azərbaycana qarşı hücuma keçməsi və ordumuzun əks-həmləyə başlaması işğalçı ölkənin turizm sektorunun inkişafı ilə bağlı planlarını alt-üst etdi və hələ uzun müddət ərzində Ermənistanın turizm sektoru özünə gələ bilməyəcək. Çünki Ermənistan artıq beynəlxalq turistlər üçün çox riskli ölkəyə çevrilib.

Hazırda bu ölkəyə turist adı altında ancaq xaricdən muzdlu döyüşçülər gələ bilər. Bu sahədə davam edən geriləmə yaxın gələcəkdə işğalçı ölkənin milli valyutası olan drama təzyiqləri artıracaq. Turizmin geriləməsi həm də bu sektorda çalışan 125 min nəfərin böyük hissəsinin iş yerini itirməsi riskini ciddi şəkildə artırır.