Azərbaycan Ordusunun Dağlıq Qarabağda işğaldan azadetmə əməliyyatları uğurla davam etdiyi bir vaxtda Ermənistan həm siyasi, həm də iqtisadi cəhətdən məhvə doğru gedir.
BAKU.WS xəbər verir ki, ölkənin işğalçılıq siyasətini dayandırmaması, kompromisə getmək üçün heç bir addım atmaması və nəhayət, işğalda qalan ərazilərdən könüllü çıxmaması rəsmi İrəvana baha başa gəlir. Bu günədək 5 rayonun ərazisində uğurlu əməliyyatlar onu göstərir ki, Azərbaycan Ordusu Ermənistanın külli-miqdarda hərbi texnika, avadanlıq, silah-sursatını darmadağın edib, minlərlə hərbçilərini məhv edib.
Ermənistanda dərc olunan “Hraparak” nəşri Ermənistan Maliyyə naziri Atom Cancuğazyana sual ünvanlayıb ki, müharibənin hər günü İrəvana nə qədər maliyyəyə başa gəlir. Erməni nazir bu mövzuda konkret rəqəmlər açıqlamasa da, kritik vəziyyətə rəqəmlərlə işarə edib: “Biz ilin sonuna qədər iqtisadi inkişafa 0,8% əlavə təsir, bir də əlavə olaraq 35 milyard dramdan daha az vergi almaq və 40 milyarddan artıq xərc etməklə bağlı təxmini qiymətləndirməyə sahibik”.
Bu çıxış onu deməyə əsas verir ki, Ermənistanın ÜDM-də 0,8% azalma qaçılmazdır. Paralel olaraq ekspertlər bu fikirdədir ki, müharibənin bir günü Ermənistan üçün təxminən 30 milyon dollara başa gəlir. Dağlıq Qarabağda müharibənin 40 gündür davam etməsi Nikol Paşinyan hakimiyyətinin bu günə kimi 1,2 milyard dollardan çox maliyyə itirməsi ilə nəticələnib.
Bundan əlavə Ermənistanın müharibə dövründə itirdiyi hərbi arsenal da əlavə 3 milyad dollardan çoxdur. Göründüyü kimi, Azərbaycanın işğalçı Ermənistana vurduğu zərər milyardlarla dollar dəyərindədir.