Türkiyənin nüfuzlu media quruluşu olan “CNN Türk”ün müxbiri Fulya Öztürk Ermənistanın Bərdədə törətdiyi terrordan yazıb.
Musavat.com bildirir ki, Fulya Öztürk sosial şəbəkədə Ermənistanın hər gün mülki insanları hədəf aldığını, körpələri öldürdüyünü yazıb: “Hər gün bu torpaqlarda körpələr ölür, məsum insanların başına bomba atılır. Sabah biz də ölə bilərik, necə ki bir neçə dəfə burada ölümdən döndük.
Çox təəssüf ki, dünya susur. Göz yumur. Sözdə müzakirə aparan ölkələr çıxıb bir kəlmə demir. Sözdə “atəşkəs” istəyənlər Ermənistana silah göndərir. Onların verdikləri raketlərlə mülki insanlar hədəf alınır”.
Fulya Öztürk qeyd edib ki, ermənilər döyüş meydanlarında ortalıqda qalan əsgərlərinin cəsədlərini belə götürmək istəmir:
“Ermənistan öz əsgərlərinin cəsədlərini belə götürmək istəmir, bu onların heç vecinə də deyil.
Həm insanları torpağından, evindən qoparır, torpaqlarını 30 il işğal altında saxlayır, həm də utanmadan o insanların başına boma yağdırır. Qarabağ Azərbaycanın öz vətən torpağıdır. Ermənistan terrorçu dövlətdir və o dövlətin yanında olan, terrora susan qatildir”.
Fulta Öztürk sonda qeyd edib: “Burada hər kəsin mənə dediyi bir söz var: “İnşallah, Şuşada çəkiliş edərik” İnşallah!”
Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutub. Erməni hərbi cinayəti nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.
Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan uşaqların sayı 11-ə çatıb.