Bir neçə gün əvvəl iş adamı, Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin Hadrutda gedən döyüşlərdə əsgərin “İkiqapılı “Mercedes” avtomobili mənim xəyalım olub” deyən əsgərimizə maşın alması ilə bağlı xəbər vermişdik.

Fərid Novruzi özünün “Facebook” hesabında yazaraq bildirib ki, artıq həmin əsgəri tapıb:

“Dostlar, qəhrəman qardaşım tapıldı.

Allahın işinə baxın.

Öncədən onu deyim, qardaşımızı Allah saxlayıb.

Döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib, onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı.

Və dünən…

Dünən səhər, “Facebook Messenger”imə bir izləyicim əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı və onun əlaqə vasitələrini göndərdi. Əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb.

Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən, belə igidlə qürur duydum. Qərara aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsilə tanış olum və hədiyyəsi barəsində xəbər verim. Və nə olsa, yaxşıdır?

Qardaş dedi ki, şəhərə gəlir, axşam görüşə bilərik.

İnanın, elə xoşbəxt idim, elə sevinirdim ki… Dünən axşam bir araya gəldik.

Qardaşın üzünü məlum səbəblərdən göstərə bilmirəm, amma Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada, ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamısını mənimlə bölüşdü.

Bir şey danışdı, bunu paylaşmaya bilmərəm. Döyüş vaxtı ayağından güllə yarası alanda digər döyüş yoldaşı daha da ağır yaralanıb. Özü yaralı ola-ola yoldaşını təhlükəsiz yerə qədər aparıb. Yoldaşına yaralı olduğunu bildirməyib. Yolda yoldaşı deyir ki, bizi burdan sağlam çıxar və özünü qoru, zarafatla da əlavə edib ki, unutma, səni ikiqapılı maşın gözləyir.

Nə deyim. Vallah, belə oğullarımız olduqca bu dövlətə heç bir zərər gəlməz, heç bir düşmən önümüzdə dayana bilməz. Allah igidlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!”