Avstraliya hakimiyyəti Roma papası I Fransiskə onun koronavirusa yoluxması riskinin olduqca yüksək olduğu barədə xəbərdarlıq edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “9News” saytı məlumat yayıb. Avstraliyalıların narahatlığına əsas səbəb Vatikanın bu ölkədəki səfirində “COVİD-19” virusunun aşkarlanması olub. Məlum olub ki, arxiyepiskop Adolfo Tito İlyana bu il oktyabr ayını 6-da şəxsən Vatikanda pontifiklə görüşüb. 3 gün sonra o yenidən Sidneyə, oradan paytaxt Kanberraya keçib. Bu həftənin birinci günü isə onun koronavirusla bağlı verdiyi testlər müsbət nəticələnib.
Səfir Tito İlyananın məhz xarici səfər zamanı infeksiyaya məruz qaldığı güman olunur.
Xatırladaq ki, bu ilin mart ayında Vatikanın Dövlət katibliyinin əməkdaşlarından birinin virusa yoluxduğu məlum olmuşdu. Həmin adam Roma papasının qaldığı Müqəddəs Marfa Evində yaşayırmış.
Ötən həftə də papanın şəxsi mənzillərindən biri sayılan həmin evdə başqa bir ruhaninin “COVİD”li olduğu ortaya çıxıb. Ümumilikdə Vatikanda bədnam virusa yoluxanların ümumi sayının 20-dən çox olduğu bilinir.