Sentyabrın 15-dən Azərbaycan məktəblərində dərslər başlayıb. Amma bu il dərslər koronavirus pandemiyası ilə əlaqadər olaraq fərqli şəkildə keçirilir. Eləcə də məktəblərdə davranışla bağlı müəyyən qaydaların tətbiq olunur.

Bütün qaydalara rəğmən ölkədə koronavirusa yoluxma halları yenidən kəskin artıb. Belə ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Mövcud durum ölkədə koronavirusla bağlı qoyulan qadağalara ciddi əməl etməyi tələb edir.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində əməl olunması zəruri olan gigiyena qaydaları məlumdur. Burada üç əsas prinsip var: tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi və əllərin yuyulması. Təbii ki, məktəblərdə də həmin tələblərə riayət edilməlidir. Hər kəs bilməlidir ki, COVID-19 hava-damcı yolu ilə keçir, qida ilə yox. Ona görə də, məktəblərdə bufetlərin açılması böyük təhlükə törətmir. Amma şagirdlər sosial məsafə saxlamalıdırlar, bir-biriləri ilə təmasdan uzaq durmalıdırlar. Təbii ki, bu işlərə də məktəbin rəhbərliyi cavabdehlik daşımalıdır.

İbtidai siniflərdə təhsil alan valideynlər də bəzi qaydalara riayət etməlidir. Uşaqları məktəbə ac göndərmək olmaz. Nəzərə alsaq ki, ibtidai siniflərdə dərslər saat 12-də bitir, o zaman məktəblilər səhər evdən ac çıxmasalar günorta yeməyini də evdə yeyə bilərlər. İndiki vəziyyətdə bu, ən doğru addım olar. Odur ki, valideyn övladını evdən ac yola salmamalıdır.

Məktəblərdə soyunub-geyinmə otaqlarından istifadə qaydalarına riayət etmək də mütləqdir. Əgər bu otaqlardan istifadə olunacaqsa, mütləq şəkildə həmin otaq hər gün dezinfeksiya olunmalıdır. Evdən forma geyinib gəlmək daha məsləhətlidir.

Hər kəs Təhsil nazirliyi tərəfindən tətbq olunmuş təlimatlara uyğun davranmalıdır. İstər müəllim, istərsə də şagirdlər bütün qoyulan qadağalara əməl etməlidir. Çünki qadağaların pozulması müəllim və şagirdlərin COVID-19 virusuna yoluxması ilə nəticələnə bilər. Belə bir halın baş verməsi isə digər şagird və müəllim heyətinin virusa yolxdurmaq ehtimalını ortaya qoyur.