Moskva beynəlxalq kinofestivalının təşkilatçıları erməni rejissorun filmini nümayiş etdirməkdən imtina ediblər.

Medianews məlumatına görə, Civan Avetisyanın “Cənnətin darvazası” adlı filmi Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdi. Filmdə 1990-cı illərdə hərbi əməliyyatlar zamanı baş verənlərdən bəhs edilir.

Festivalın direktoru Kirill Razloqovun sözlərinə görə, bu addım təhlükəsizlik məqsədi ilə atılıb və filmin nümayişi Moskvada azərbaycanlılarla ermənilər arasında toqquşmalara səbəb ola bilər.

Rusiyanın bu addımı filmin rejissorunu hiddətləndirsə də, festival təşkilatçıları geri addım atmaq niyyətində deyillər. Avetisyanın sözlərinə görə, bu qərar K.Razloqovun deyil və ən yüksək səviyyədə qəbul edilib.

Məlumat üçün qeyd edək ki, Dağlıq Qarabağ haqqında filmin qadağan edilməsi haqqında məktub məhz təmas xəttində döyüş əməliyyatları başlayan gün – sentyabrın 27-də göndərilib.

Xatırladaq ki, film festivalı oktyabrın 1-dən 8-dək davam edəcək.