34 yaşlı Günay Yusifova 4 uşaq anasıdır. O, tək başına bərbad şəraitli bir yerdə 4 uşaq böyüdür.

Medianews.az Baku Tv-yə istinadla xəbər verir ki, qadının bu ilin fevral ayına qədər bu körpələrlə birlikdə sığındığı bir yuvası olub.

Amma indi o yuvadan gördüyünüz bu mənzərə qalıb. “Yanğın fevralın 13-ü olub. İşdə olmuşam. Gəldim, gördüm ki, evdən əsər-əlamət qalmayıb. Hətta uşaqlarımın ölümünü belə fikirləşdim. Yanğın ehtiyatsızlıqdan çıxıb”, – deyə şikayətçi Günay Yusifova bildirib.

O həmçinin deyib ki, yoldaşı qaçıb gedib və uşaqlarından imtina edib: “Sabunçu Rayonu İcra Hakimiyyətinə getmişəm. Nömrə götürdülər bizdən, amma əlaqə saxlamadılar. Millət vəkilimizi tapa bilmədim. Hələ də bilmirəm, necə insandır”.

Sabunçu Rayonu İcra nümayəndəsinin müavini problemdən xəbərdar olduqlarını bildirdi. Ancaq daha ətraflı informasiya əldə etmək üçün bizi Sabunçu rayonunun Maştağa qəsəbə nümayəndəliyinə yönləndirdi.

Ofisdə kimsə bizi qarşılamadığından Maştağa qəsəbəsinin icra nümayəndəsinin müavini Emil Əhmədovla əlaqə saxladıq. Bu gün ərzində həmin ailəyə gedib baş çəkəcəyini və kömək edəcəyini bildirdi.