Yenə ölkəmizin adı dünya miqyasında səslənir, qəlbimiz fərəhlə döyünür. Yox, mən heç də hörmətli parlament sədrimiz Sahibə xanımın Rusiya səfərinə yollanmasını nəzərdə tutmuram. O cümlədən, bir xarici saytda Rusiyanın Azərbaycandakı 78 agentinin adının dərc olunmağı də bizi maraqlandırmır. Bu sonuncu söhbət, yeri gəlmişkən, lap lətifədir. Niyə cəmi 78? Bizdə Rusiya müstəmləkəsi olmağın nisgilini çəkən bəlkə 78 min agent taparsan. Bir az dərindən qurdalasan, 778 min Rusiya təəssübkeşi çıxacaq. Hələ “yenə o vaxt Kremlə şikayət yazırdıq, baxırdılar” deyəcəklər. Kimə, nə izah edəcəksən? Mənasız işlərdir. Üstəlik, 1 milyondan çox azərbaycanlı Rusiya çöllərindən çörək qazanmağa gedibsə, bu diskussiyaların heç önəmi qalmır.
Prinsipcə, 200 ilə yaxın əsarətində qaldığın dövlətin həsrətində olmaq haradasa başadüşüləndir. Elmi ədəbiyyatda bunun adına Stokholm sindromu deyirlər. Girovun onu oğurlayana rəğbət bəsləməyinin adıdır. Başqa yöndən, bu rus təəssübkeşliyində qorxunun da böyük rolu var, çünki biz hamımız Rusiyanın bölgədə qarışdırıcı, parçalayıcı, qan salıcı mənfi gücünə yaxşı bələdik. Elə zənn edirik imperiyanın təəssübünü çəksək, bizə dəyməzlər. Təbii ki, yanlış düşüncədir.
Ancaq mövzumuza qayıdaq. Bəs məni fərəhləndirən nədir? Başqa vaxt olsa bəlkə keçmiş MTN şefi Eldar Mahmudovun oğlunun adının beynəlxalq yazışmalarda ortaya çıxmasından ruhlanardıq. Zarafat deyil, 400-ə yaxın dünya jurnalisti neçə ay Trampın, Putinin, beynəlxalq çirkli pulları yuma oyunlarının, ofşorların kağız-kuğuzlarını eşələyiblər və orada Anar Mahmudovun hansısa ofşor şirkətinin də adı keçir. İndi təfsilatları yazmağa həvəsim yoxdur, həm də guya bizim nəyimizə lazımdır? Bəlkə o beş-üç milyon dolları Anar müəllimdən geri alacağıq? Ala, verdilər elə. Xaricə çıxan pul xaricin və orada gizlənən keçmiş-gələcək məmurlarındır. İndi dünya xalqlarını soymağın modern üsulları kəşf edilibdir, ağlın olsun, imkan vermə. Bəlkə Eldar müəllim arada insafa gəlib Metro Tağının 3 milyon dollarını qaytarardı, o da daha Tağı Bədbin imzası ilə şeirlər yazmazdı. Lakin bildiyimiz kimi, bu çoxdan gözlənilən hadisə də baş verməmişdir.
Alman qəzetində siyasi dustağımızın aclıq aksiyası haqda məqalə, Kaliforniyada yaşayan soydaşlarımızın növbəti paxlava-samovar həmrəyliyi aksiyası, deputat Həsən Məmmədovun (kim bilir, bəlkə bizim belə deputatımız var) Avstraliya səfəri və bu münasibətlə “Bumeranq nyus” qəzetinin müxbirinə keçənilki yanğından salamat qalan yeganə evkalipt ağacının altında, kenqurunun belində intervü verməsi də sevincimi artırmamışdır. Bunlar artıq adi, geopolitik gündəmdir. Öyrəşmişik. Bir növ adətkərdə olmuşuq. Bəs axı nə? Oxucular da artıq bezmişdir, müəllifi parça-parça etməyə hazırdır. O zaman yazıram: heç özüm də səbəbini bilmirəm, elə durduğum yerdəcə ölkəmiz məni beynəlxalq fərəhə qərq edir. Zarafat edirəm, səbəb var. O səbəb isə insan hüquqları ilə bağlıdır.
Hazırda fəaliyyətdə olan deputatlardan Elman müəllim bugünlərdə bəyan edib ki, vaxtilə Prezident yanında Əfv Komissiyasının bəzi üzvləri çirkli yollarla əfv siyahısına dustaq adları yazdırırmış. Sitat: “Əfv Komissiyasının keçmiş deputat üzvlərindən birinin sürücüsü qeyri-qanuni yollarla əfvə adam saldırırmış”. Sonra qəzetimiz yüngülvari araşdırma apardı, belə nəticə çıxırdı ki, həmin sürücü Elmira Axundovanın maşınını sürürmüş. Hazırda Ukraynada səfir işləyən, orada Azərbaycan həqiqətlərini dünyaya yayan Elmira xanımdan söhbət gedir. Ola bilərmi onun sürücüsü belə iş görsün? Ola bilər. Elmira xanım hələ deputat olarkən hər şey edə bilərdi, hətta qocaman hökumətpərəst jurnalist Firuz Haşımovu 10 min manat cərimələtmişdi, hər ay adamın pensiyasının yarısını hökumət tuturdu, Firuz müəllim də qalmışdı 100 manat pensiya ilə qışqıra-qışqıra.
Ancaq bu söhbətdə yeganə pis iş odur ki, mətbuat onu pis hadisə kimi qələmə verir. Halbuki fərəhlənməliyik. Gör Azərbaycanda humanizm, insan hüquqları, tolerantlıq, multikulturizm və sivilizasiya dialoqu, həmçinin qoşulmamaq hərəkatına qoşulmağımız hansı zirvələrə çatıbdır ki, artıq sürücülər də dustaqları əfv edir! Bax, mən buna sevinirəm.
Şair bu yerdə yaxşı deyibdir: “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!”
Yazını da elə bu nikbin notlarla bitirir, sözü əlaqədar təşkilatların sürücülərinə verirəm: bəs siz bu gün kimi bağışladınız?